İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 28 iyun — Sputnik. Hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən qəzalarda yüzlərlə insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur. Məsələn, bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda 52 yaşlı fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb. İyunun 26-da Yusif Səfərov küçəsində 21 yaşlı fəhlə tikinti aparılan binanın üçüncü mərtəbəsindən yıxılaraq, ağır xəsarət alıb. Bu gün isə Səbail rayonunda tikilməkdə olan yaşayış binasında faciə baş verib. “KamAZ” markalı yük avtomobili arxaya verilərkən, həmin tikintidə fəhlə işləyən, 1967-ci il təvəllüdlü Fazil Seyidovu vuraraq qaldırıcı qurğunun dəmir hissəsinə sıxıb. Fəhlə aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Təəssüflər olsun ki, belə hadisələr barədə demək olar ki, hər gün məlumat yayılır. Bu isə bir daha sübut edir ki, ölkədə bəzi sahələrdə işçilərin təhlükəsizliyi kifayət qədər qorunmur.
İş yerlərində baş verən qəzaların qarşısının alınması üçün bütün dünya mübarizə aparır. Hər il dünyada iş yerlərində 300 milyondan çox ölümlə nəticələnə bilən qəzalar baş verir ki, bunun da 2 milyondan çoxu ölümlə nəticələnir. Azərbaycanda isə il ərzində 100-dən çox istehsalat qəzası baş verir.
Ümumiyyətlə isə istehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulu 4 faiz aşağı salır.
Bəs bu qəzalardan necə qorunmaq olar?
Təhlükəsizlik eksperti Elmar Nurəliyev hesab edir ki, işə götürənlər bu işdə maraqlı olmalıdır: "İşçi işə götürülərkən onunla əmək müqaviləsi bağlanmalı, onun iş sığortası olmalıdır. Daha sonra işçi işə başlamamışdan qabaq ona giriş təlimatı verilməli, işə başlayanda isə ilkin təlimat verilib sonra işə başlamalıdır. Bunlar hamısı təhlükəsizlik üçündür".
E.Nurəliyev qeyd edib ki, işçi iş yerinə qəbul olunanda ona hansı təhlükəsizlik qaydalarına riayət etmək lazım olduğu ilə bağlı ilkin məlumat verilməlidir. Buna iş yerlərində olan rəhbər vəzifəli şəxslər nəzarət etməlidir.
Ekspertin sözlərinə görə, daha çox qəza tikinti sahəsində baş verir. Belə ki, bu sektorda baş verən qəzalar ümumi istehsalat qəzalarının 25 faizdən çoxunu təşkil edir: "Bu kifayət qədər ciddi rəqəmdir. Tikintidə işləyən işçilərə nəzarət çox aşağı səviyyədədir. Kim necə gəldi, elə də işləyir. Heç bir təhlükəsizlik qaydalarına riayət edilmir".
E.Nurəliyevin fikrincə, tikinti sahəsində təhlükəsizlik tədbirləri kompleks görülməlidir: "Baxın, ağır tikinti materialları, kranlar işləri, dəmir armatur işləri, hündürlükdə işlər və. s bütün bunlar hamısında təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Hündürlükdə çalışan işçilər üçün xüsusi təhlükəsizlik tədbirləri görülməlidir. Tikinti sahəsində hündürlük 7 metrdən yuxarı qalxarsa, qoruyucu sipər çəkilməli və təhlükəsizlik tədbirləri görülməlidir. Amma biz müşahidə edirik ki, hündürlükdə çalışan fəhlələrin nə qoruyucu kəməri var, nə başında dəbilqəsi. Ayağında isə rezin çəkmə əvəzinə, gündəlik həyatda geydikləri adi ayaqqabı var. Potensial təhlükə budur. Bu laqeydliyin nəticəsidir ki, iş yerlərində bədbəxt hadisələr baş verir".
Mütəxəssis bildirir ki, işçilərin təhlükəsizliyinə sahibkarlar cavabdehdir: "Hesab edirəm ki, iş yerlərində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılması çox vacibdir və bu işə ciddi nəzarət olunmalıdır".