BAKI, 28 iyun — Sputnik. Gürcüstanın Baş Naziri Mamuka Baxtadze 20-21 iyun tarixlərində dövlət çevrilişinin qarşısını aldığı üçün ölkənin Daxili İşlər nazirini tərifləyib. Bu barədə Sputnik Gürcüstan xəbər verir.
Baxtadze Gürcüstanda güc yolu ilə hakimiyyətin dəyişdiyi 1991 və 2003-cü illərdə baş verən hadisələri xatırladıb.
"Hər iki halda məlum oldu ki, dövlət institutları özü, xüsusilə də dövlət institutlarına hücumun qarşısını almalı olan Daxili İşlər Nazirliyi yüksək səviyyədə olmayıb. İndi isə Daxili İşlər Nazirliyi bizə belə bir ağır ssenari və təcrübənin təkrarlanmasından yayınmağa kömək etdi. Bundan irəli gələrək Daxili İşlər naziri və bütün Daxili İşlər Nazirliyi mənim və cəmiyyətin adından təşəkkürə layiqdir", - deyə Baş Nazir qeyd edib.
Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstana gəlməsinə etiraz olaraq iyunun 20-də başlayan etiraz aksiyaları iyunun 21-i axşam saatlarında hüquq-mühafizə orqanları əməkdaşları ilə qarşıdurmaya çevrilib. Qarşıdurma nəticəsində 80-i hüquq-mühafizə orqanı əməkdaşı olmaqla 240 nəfər xəsarət alıb. İki nəfər ümumiyyətlə gözünü itirib. Ümumilikdə 300-dən çox şəxs həbs olunub.