RUSİYA

Zelenski Putinə çağırış etdi: "Uşaqları valideynlərinə qaytarın"

"Bizim hamımızın uşaqları var, uşaqları valideynlərinə qaytarın"
Sputnik

BAKI, 27 iyun — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyalı həmkarı Vladimir Putinə müraciət edərək onu ukraynalı hərbçiləri azad etməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

"Bizim hamımızın uşaqları var, uşaqları valideynlərinə qaytarın", - deyə Zelenski bu gün Kiyevdə keçirilən brifinqdə bildirib. O, bu fikirləri rus dilində səsləndirib.

Xatırladaq ki, ötən ilin noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur. İnsidentdən sonra Ukraynanın 23 dənizçisi həbs olunub.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.