BAKI, 25 iyun — Sputnik. Yaxın günlərdə qadağan olunan yerlərdə saxlanılan avtomobillərin təxliyəsinə başlanılacaq.
İnzibati tədbirlərlə yanaşı, sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də aparılır. Görülən müvafiq tədbirlər sayəsində bır sıra, xüsusən də mərkəzi küçə və prospektlərdə nəqliyyat axını əhəmiyyətli dərəcədə yaxşılaşıb, yolların buraxıcılıq qabiliyyəti artıb. Vətəndaşların əvvəlcədən məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq bildirilir ki, yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması - təxliyə xidmətinə başlanılacaq.
İlkin olaraq təxliyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək.
Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Füzuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq.
BNA bir daha bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və anlayışlı olmağa səsləyir: "Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkətin daha rahat, maneəsiz və təhlükəsiz olacağına ümid edirik".