CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakılılar "2" aldılar - "Məsələni qarışdırmaq lazım deyil"

Sosial şəbəkələrin istifadəçiləri özlərinə yeni lağ obyekti tapdılar
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Ötən il Bakı şəhərinin ümumtəhsil müəssisələrində keçirilən buraxılış imtahanında iştirak edən 19439 şagirddən 8.51%-i ana dili fənni üzrə "2" qiymət alıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında məlumat verilib. Paytaxt məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta balın aşağı olması müzakirələrə səbəb olub. Hətta "adam da öz ana dilindən iki alar?" kimi suallar sosial şəbəkələrdə paylaşılaraq məzunların ana dilini bilməməsi ciddi qınaq obyektinə çevrilib. Qeyd edək ki, analoji vəziyyət artıq bir neçə ildir ki, müşahidə olunur. Sputnik Azərbaycan məzunların ana dilindən "iki" qiymət almasının səbəblərini araşdırıb.

Millət vəkili, dilçi alim Nizami Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən məzunların buraxılış imtahanında ana dilindən aşağı qiymət alması öz dilini bilməməsi kimi təqdim olunsa da, bu yanaşma doğru deyil: "Bu o demək deyil ki, imtahandan "iki" qiymət alan şagirdlərin 8.51%-i ana dilini bilmir. Bu nəticə adətən həmin şagirdlərin ana dilini bilmədiyinə görə deyil, ana dilinin qrammatikasını bilmədiyi üçün üzə çıxır. Bu məsələni qarışdırmaq lazım deyil. Azərbaycanda elə bir şagird yoxdur ki, ana dilini bilməsin. Çünki uşaqlar ailədə valideynləri ilə daim ünsiyyətdədirlər, belə halda onların ana dilini bilməməsi mümkün deyil. Sadəcə olaraq bizdə dilçiliyin tədrisində problemlər var. Dilimizin qrammatikasının, quruluşunun öyrənilməsində ümumi qüsurlar var. Bunun da səbəbi odur ki, biz bir vaxtlar ana dilinin qrammatikasını ayrı qayda ilə öyrənirdik, indi başqa qayda ilə öyrənirik. Əvvəllər belə idi ki, qrammatik qaydalar, təriflər şagirdə əzbərlədilirdi, təsniflər öyrədilirdi. İndi isə çalışırlar ki, əsasən misallar, nümunələr, mətn əsasında öyrətsinlər. Onun da texnikasını yaxşı bilmirlər. Şagird də çıxış yolunu öz təbii dil biliyi ilə suallara cavab verməkdə tapır. Amma qrammatik anlayışlar barədə təsəvvürü mükəmməl olmur".

"Camaatın uşağı"nı unudun, sizə öz övladınız lazımdır

Deputat deyir ki, problemi aradan qaldırmağın yolu metodların işlənilib hazırlanmasındadır: "Etiraf edək ki, bu gün ana dilinin tədrisi üzrə öyrətmə metodu zəifdir. Onu necə mənimsətməyin yollarını ancaq təcrübəli müəllimlər bilirlər".

Təhsil üzrə ekspert Şahlar Əsgərov isə deyir ki, şagirdlərin ana dilindən aşağı qiymət alması arzuolunan hal deyil. Ekspert bildirir ki, şagirdlərin buraxılış imtahanlarında ana dilindən aldıqları qiymət müstəqil dövlətimizin adına layiq olmalıdır. Bunun üçün isə məktəblərdə ana dilinin öyrədilməsi metodikasına diqqət yetirmək, ana dili müəllimlərinin seçimində diqqətli olmaq lazımdır. Ş. Əsgərovun sözlərinə görə, məktəblərdə ana dili dərsini tədris edən müəllimlər də bu məqama fikir verməlidirlər.