BAKI, 24 iyun — Sputnik. Təhsil Nazirliyi təhsil işçiləri, ziyalılar, valideynlər və bütün digər maraqlı tərəfləri 2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesində aktiv iştiraka dəvət edib.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir: "Cari ilin aprelindən başlayan proses iyul ayının ortalarına qədər davam edəcək. Hazırda ən çox baxış sayının I sinif "Azərbaycan dili (tədris dili)" fənni üzrə dərslik layihəsinə aid olduğu müşahidə edilir. Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar" bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya bilər, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər".