BAKI, 24 iyun - Sputnik. Heydər Əliyev Mərkəzində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi keçirilir.
APA-nın xəbərinə görə, forumun açılış mərasimində BMT Baş katibinin müavini Lui Zenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər iştirak edirlər.
Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur.
Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.
Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri Forumda iştirak edəcəklər.
Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli mövzu üzrə seminar və 4 paralel tədbir təşkil olunacaq. Eyni zamanda 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.
Forumun Azərbaycanda keçirilməsinə zəmin yaradan amillər dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir.
Qeyd edək ki, 24-26 iyun tarixlərində baş tutacaq forumun təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-dir.