BAKI, 23 iyun — Sputnik. Bu ilin fevralında ABŞ-ın xarici borcu 22 trilyon dolları keçərək ölkəni az qala borc böhranına salıb. Vəziyyətdən, demək olar ki, çıxış yolunun qalmadığı bir halda ABŞ hökuməti sosial ödəniş və müavinətləri ixtisar etməyə məcbur olub.
Sputnik Azərbaycan xəbər verir ki, Vaşinqtonun öz problemlərini pensiyaçı və kasıbların hesabına həll etmək niyyətindən RİA Novosti yazıb:
Kritik vəziyyət
Hazırda ABŞ federal büdcəsi kritik vəziyyətin astanasındadır. 2018-ci il ərzində büdcə defisiti 779 milyard dollara çatıb. Bu 2012-ci ildən bəri ən yüksək göstəricidir. Konqresin Büdcə İdarəsinin məlumatına görə, 2019-cu ildə bu göstərici 900 milyard dollara çataraq ÜDM-in 4 faizini keçəcək. Bu rəqəm ölkənin bütün müdafiə büdcəsindən artıqdır.
Xarici borcun ödənilməsi üçün edilən böyük xərclər ABŞ büdcəsində bu nəhəng defisitin yaranmasında əsas rollardan birini oynayıb.
2018-ci ilin büdcəsində ən böyük xərclər sosial təminat proqramlarına (987 milyard dollar) və müdafiəyə (874,4 milyard dollar) yönəldilib. "Medicare" və "Medicaid" adları ilə tanınan tibbi sığorta və yardım proqramları üçün müvafiq olaraq 582 və 400 milyard dollar həcmində xərclər nəzərdə tutulub.
Dövlət borcunun ödənilməsi üçün isə nə az, nə çox 310 milyard dollar ödənilib.
"Büdcə defisitinin və dövlət borcunun sürətlə böyüməsi Amerika federal hökuməti qarşısında duran ən təhlükəli problemdir". Bu fikirlər Harvard Universitetinin professoru, İqtisadi Məsləhətçilər Şurasının keçmiş sədri Martin Feldstayna məxsusdur.
Bu yaxınlarda dünyasını dəyişmiş iqtisadçı durumu şərh edərkən bildirmişdi ki, borc böhranının aradan qaldırılması üçün dövlət ya vergiləri artırmalı, ya da xərcləri azaltmalıdır. Lakin birinci variant iqtisadi artımı yavaşladacaq, ikincisi isə borc və ÜDM arasındakı nisbəti pisləşdirəcək.
Ekspert rəyinə görə, "müdafiəyə edilən xərclərin müəyyən səviyyədən aşağı endirilməsi mümkün deyil". Bu xərclər nəinki ümumi daxili məhsulun 3 faizindən aşağı endirilməyəcək, eyni zamanda artırıla da bilər.
Buna görə də hökumət üçün böyüyən defisiti aradan qaldırmağın yeganə yolu sosial ödəniş və müavinətləri ixtisar etməkdir.
Artıq 2020-ci maliyyə ili üçün büdcə layihəsində də bu nəzərdə tutulub: müdafiə xərcləri 4,7 trilyon dollar olacaq, sosial xərclər isə bıçaq altına düşəcək.
Belə ki, "Medicaid" proqramı üçün nəzərdə tutulmuş xərclər 1,5 trilyon dollar həcmində ixtisar olunacaq. "Medicare" və sosial təminat proqramları isə müvafiq olaraq 845 milyard və 25 milyard dollar həcmində maliyyədən məhrum olacaq. Bu iki proqram pensiyaçı və əlillər üçün mühüm əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, mərhum Feldstaynın fikrincə, sosial xərclər onsuz da büdcə üçün çox böyükdür. İqtisadçı hətta sosial təminatı daha da "boğmaq" üçün pensiya yaşını 70-ə qədər artırmağı və yaş həddini həyat davamlılığına bağlamağı təklif etmişdi.