MƏDƏNİYYƏT

Pul tapmayan azərbaycanlı rejissorun filmi "Möhtəşəm" mükafat aldı

Hazırda sənədli film üzərində çalışdığını bildirən rejissor, Mədəniyyət Nazirliyinə təqdim etdiyi bədii film kimi nəzərdə tutulan "Xalı" ssenarisinin qəbul olunmadığını dedi.
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. "Çölçü" bədii filmi bu günlərdə ABŞ-da keçirilən "Depth of Field International Film Festival Competition 2019" film müsabiqəsinin "Art-House" proqramında iştirak edərək "Möhtəşəm mükafat"a (EXCEPTIONAL MERIT) layiq görülüb.

Əməkdar artist paytaxtın məşhur restoranında zəhərləndi

Bu barədə Sputnik Azərbaycan-a filmin rejissoru Şamil Əliyev məlumat verib. Festivalda iştirak etmək üçün pul tapmadığını söyləyən rejissor, "Bu haqda nazirliyə müaricət etsə idim yol xərcini yəqin ki, qarşılayardılar" deyə vurğulayıb. Şamil Əliyev əlavə olaraq bildirdi ki, filmi 2020-ci ilə qədər festivallarda iştirak edəcək. "Çölçü"nün Hindistana yollanacağı da artıq tam dəqiqləşib. Hazırda sənədli film üzərində çalışdığını bildirən rejissor, Mədəniyyət Nazirliyinə təqdim etdiyi bədii film kimi nəzərdə tutulan "Xalı" ssenarisinin qəbul olunmadığını dedi. Qeyd edək ki, rejissor Şamil Əliyevin Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan "Çölçü" filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 48 beynəlxalq kino festivalında iştirak edərək 25-dən çox mükafat qazanıb. "Çölçü" ümumilikdə bir neçə dəfə "Ən yaxşı bədii film", "Ən yaxşı rejissor işinə görə", "Ən yaxşı ssenari", "Ən yaxşı qadın oyunçu", "Yaradıcılıq axtarışlarına görə", eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, "Humay" milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.