CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Liseylərə qeydiyyat başa çatdı

Liseylərə və məktəb-liseylərin lisey siniflərinə qəbul iyunun 24-də müsabiqə yolu ilə həyata keçiriləcək
Sputnik

BAKI, 21 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a BŞTİ-dən məlumat verilib.

Xəbərə görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilib. Elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin V siniflərinə qəbul üçün 1 396 sorğu yerləşdirilib. Onlardan 720-si Texniki-Humanitar Liseyə, 199-u 2 nömrəli Texniki-Humanitar Liseyə, 234-ü 147 nömrəli Texniki-Humanitar Liseyə, 243-ü isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçib.

Paytaxtda birinci sinfə qəbulla bağlı son vəziyyət açıqlandı

Liseylərin və məktəb-liseylərin VII siniflərinə qəbul üzrə müsabiqədə isə ümumilikdə 2 144 şagird təhsil müəssisələrində qeydiyyatdan keçib. Liseylərə və məktəb-liseylərin lisey siniflərinə qəbul iyunun 24-də müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqənin keçirilmə yeri və vaxtı elektron qeydiyyatdan keçən valideynlərə göndərilib. VII siniflər üzrə təhsil müəssisələrində qeydiyyatdan keçən valideynlər isə məktəbə yaxınlaşaraq müvafiq məlumatı əldə edə bilərlər. Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Qeyd edək ki, elektron sənəd qəbulu "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir.