BAKI, 21 iyun — Sputnik. Avropa İttifaqında qalan 27 ölkə formatında keçirilən sammit cümə günü təsdiqləyib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair sazişə yenidən baxılmayacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Şurasının sədri Donald Tusk bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O, əlavə edib ki, liderlər qısaca "Brexit"i müzakirə edib və Aİ-nin 27 ölkəsi ilə vahid yanaşmanı razılaşdırıblar.
"Biz nizamsız "Brexit"dən yayınmaq istəyirik və Böyük Britaniya ilə gələcək münasibətlərimizi mümkün olduğu qədər sıx şəkildə qurmaq istəyirik", - deyə Tusk qeyd edib.
Tusk, həmçinin əlavə edib ki, Avropa İttifaqı Böyük Britaniya Krallığı rəhbərliyi ilə gələcək münasibətlərinin strukturuna dair siyasi bəyannaməyə dair danışıqlara başlamağa hazırdır.