SƏHİYYƏ

Afrika donuz vəbası Azərbaycana gəlib çata bilərmi? - Rəsmi açıqlama

Hazırda ölkədə 6500 baş donuz saxlanılır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Asiyada yayılmış Afrika donuz vəbası insanları xofa salıb. Son məlumatlara görə, bu xəstəlik 3 milyondan çox heyvanın ölümünə səbəb olub. Vyetnamda 2,5 milyon, Çində 1 milyondan çox heyvan Afrika vəbası xəstəliyinə görə məhv olub. Vəba Tayvan, Şimali və Cənubi Koreya, Monqolustan və Kambocaya yayılıb. Çinin ən böyük donuz əti ixracatçısı olması isə xəstəliyin yayılma ehtimalını daha da artırır. Xatırladaq ki, ötən ilin fevral ayında Azərbaycanın işğal altında olan Əsgəran rayonunun Naxçıvanik kəndində yaşayan erməni icmasının təsərrüfatında saxlanılan donuzlar arasında Afrika vəbası yayılmışdı. Sputnik Azərbaycan xəstəliyin Azərbaycan üçün təhlükəsinin olub-olmadığını araşdırıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ölkəmizdə donuzçuluq təsərrüfatlarında epizootik vəziyyət sabitdir. Y.Xanvəlinin sözlərinə görə, Azərbaycanda əvvəlki illərdəki kimi iri donuzçuluq təsərrüfatları yoxdur: "Hazırda ölkədə 6500 baş donuz saxlanılır. Bunların da çoxu şəxsi təsərrüfatlardır. Bu gün əsasən Zaqatala və Xaçmaz zonasında şəxsi donuzçuluq təsərrüfatları var. Həmin təsərrüfatlarda da epizootik tədbirlər planına əsasən, taun və qarayara xəstəliklərinə qarşı vaksinasiya aparılır. Qeyd edim ki, bizim donuzçuluq təsərrüfatları qapalı saxlanılır. Yemlər heyvanlara bişirilmiş formada verilir. Ona görə də həmin donuzçuluq təsərrüfatları ilə bağlı narahatlıq yoxdur".

Mastopatiya xəstəlik deyil – Həkim-mammoloq qadınlara müraciət etdi

Y.Xanvəli bildirib ki, Afrika donuz vəbası yüksək yayılma qabiliyyətinə malik virus xəstəliyidir. İnsanlar üçün hələlik təhlükəli olmasa da, heyvanlara ölümcül təsir edir. Onun sözlərinə görə, alimlər bu xəstəliyin vaksinini tapa bilməyiblər. Viruslar hətta insanın geyimində belə həftələrlə qalıb, yayılmaq xüsusiyyətinə malikdir. Bu virusa yoluxan xəstə heyvanın müalicəsi qadağandır. İnfeksiya mənbəyi və ondan 20 km radiusda yerləşən xəstə heyvanların məhv edilməsi məqsədəuyğun sayılır. Yüksək hərarət, dərinin göyərməsi, daxili orqanlarda qanaxma bu xəstəliyin əlamətləridir. Beynəlxalq təsnifata əsasən, virusla yayılan Afrika vəbası heyvanlar arasında yoluxucu xəstəliklər sırasında A siyahısına daxildir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aysel Fərziyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Asiyada donuz vəbasının yayılması ilə bağlı BMT-nin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat daxil olmayıb. Məlumat daxil olarsa, dərhal Agentlik tərəfindən qanunla müəyyən edilmiş qaydada zəruri tədbirlər görüləcək.

Azərbaycanda Afrika donuz vəbası ilə bağlı hələ ki narahatlığa əsas olmadığı bildirilsə də, hələ bu ilin mart ayından Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Dövlət Komitəsi Vyetnamdan donuz və donuz əti idxalını müvəqqəti dayandırıb.

Qeyd edək ki, hazırda Azərbaycan donuz ətini Avstriya, Belçika, Böyük Britaniya, İspaniya, Niderland, Gürcüstandan, donuz piyini isə Almaniya, Belçika, Danimarka, Fransa, İspaniya, Kanada və Niderlanddan idxal edir.