CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX əməkdaşı: Əgər radikal dini təşkilat cəmiyyəti idarə etməyə başlasa...

Suad Mahmudov: Əgər radikal dini təşkilat nəyəsə nail olub əlinə müəyyən imkanlar keçirsə, cəmiyyəti idarə etməyə başlasa, heç kəsin hüquqlarını qorumayacaq və heç kəsin hüquqları barədə düşünməyəcək"
Sputnik

BAKI, 21 iyun — Sputnik. "Əgər radikal dini təşkilat nəyəsə nail olub əlinə müəyyən imkanlar keçirsə, cəmiyyəti idarə etməyə başlasa, heç kəsin hüquqlarını qorumayacaq və heç kəsin hüquqları barədə düşünməyəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı Suad Mahmudov "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili" layihəsi çərçivəsində keçirilən "Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?" mövzusunda ictimai müzakirə zamanı deyib.

“Salavatın biri – 1 manata” – Qadınlar radikal dini qurumlara necə cəlb olunurlar

O qeyd edib ki, dövlətlər arasındakı siyasi münasibətlər radikal dini cərəyanların öz fəaliyyətlərini hansı yöndə quracaqlarını müəyyənləşdirməyə istiqamət verir. Bu imkan verir ki, cərəyanlar öz təsirlərini fəaliyyət göstərdikləri regionlardan kənara çıxarsınlar. Dövlətlər arasında baş verən münaqişələr həmin dövlətlərin sərhədlərinin dəyişməsinə, dövlətlərin zəifləməsinə və iflic vəziyyətə düşməsinə səbəb olur.

"Əgər hansısa dövlət özünü qorumaq istəyirsə, ilk öncə bir dövlət kimi güclənməli, vətəndaş cəmiyyətini inkişaf etdirməlidir. Bu, həm də tələb edir ki, cəmiyyətdə radikalizm, terrorizm kimi neqativ amillərin düzgün izahatı aparılsın, əhaliyə onların hansı fəsadlara gətirib çıxara biləcəyi izah olunsun" – deyən Mahmudov sözügedən təşkilatların iş prinsipindən də danışıb.

"Radikal dini cərəyanlar öz fəaliyyətlərini genişləndirmək üçün ilk növbədə reklama əl atırlar. Bunun üçün virtual məkandan geniş istifadə olunur. Hansısa səhnələr çəkilir, din alimlərinin çıxışları hazırlanaraq təbliğ olunur. Müasir dövrdə bunu yüksək peşəkarlıqla həyata keçirirlər. Hiss olunur ki, bu radikal təşkilatların arxasında ciddi qüvvələr dayanır. Onlar əhalini öz təsirləri altında saxlamaq və lazım gələndə istifadə etmək üçün bu variantlara əl atırlar" – Suad Mahmudov deyib.

Millət vəkili dini radikalizmlə mübarizə üçün təkliflərini verdi

DTX nümayəndəsi qeyd edib ki, Azərbaycan xalqı bütün dinlərin evolyusiya mərhələlərini keçib və bu səbəbdən də dini baxımdan çox tolerantdır. Amma bu tolerant vətəndaşların haqları qorunmalıdır, onlara hansısa radikal dini cərəyanların basqı yaratmasına yol vermək olmaz. Bu vəziyyət bizi radikal cərəyanların fəaliyyətinə həssas yanaşmağımızı tələb edir.

O həmçinin xatırladıb ki, ötən il Azərbaycan dövləti İraqda əsirlikdə olan azərbaycanlı azyaşlı uşaqların ölkəyə gətirilməsini təmin edib: "Biz o uşaqları gətirib ailələrinə təhvil verəndə bunun necə acınacaqlı səhnə olduğunu gördük. İnsanlar bu cür səhnələri göz önünə gətirib dərk etməlidirlər ki, qeyri-ənənəvi, radikal dini cərəyanlara qoşulmaq hansı nəticələrə gətirir. Bunun ən ağrılı tərəfi də məhz əhalinin kövrək təbəqəsinin bu prosesə alət olmasıdır".