BAKI, 20 iyun — Sputnik. "Biz heç kimlə mübahisə etməmişik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qarşı sanksiyalar barədə danışarkən "əgər Rusiya hamı ilə barışsa, bu, Rusiya iqtisadiyyatına nə verəcək" sualını cavablandırarkən bildirib.
Rusiya prezidenti eyni zamanda qərbin Rusiya əleyhinə sanksiyalarından çəkdiyi zərərdən də danışıb. O, qeyd edib ki, sanksiyalara görə qərb ölkələri milyardlarla dollar itirib: "Qərbin sanksiyalar tətbiq etdiyi 2014-cü ildən bəri Rusiya 50 milyard dollar, Avropa İttifaqı isə 240 milyard dollar itirib".
Putin vurğulayıb ki, Birləşmiş Ştatlar bundan sonra da iqtisadiyyatda qlobal rəqibi kimi Rusiyanın qarşısını almağa çalışacaq. İndi Çinlə bağlı baş verənlər bununla bağlıdır: "ABŞ-ın "Huawei" üzərinə hücumda məqsəd Çin iqtisadiyyatını dayandırmaq, inkişafının qarşısını almaqdır".
RF Prezidenti qeyd edib ki, əgər Rusiya günəş altında özünə yer istəyirsə, onda iqtisadiyyatı daha da güclü olmalıdır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün canlı efirdə vətəndaşların suallarına cavab verir.
Televiziya kanalları canlı efir üçün üç saat ayırıblar. Veriliş Moskva vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayıb və "Rossiya 1", "Rossiya 24", "Birinci Kanal", "NTV", "OTR", "MİR" telekanalları, "Mayak", "Vesti FM" və "Radio Rossiyi" radiostansiyaları tərəfindən, o cümlədən sosial şəbəkələrdə yayımlanır.
Sualların qəbulu iyunun 9-u Moskva vaxtı ilə saat 08:00-da başlayıb.
Bildirilir ki, nazirlər və qubernatorlar prezidentin mümkün qeydlərinə və istəklərinə cavab verə bilmək üçün iş yerlərindən canlı yayıma qoşulurlar.