CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyəcan təbili çalınır, bu şəxslərin sayı 70 milyonu keçdi

Qaçqın düşən insanlar əsasən kənd yerlərində və ya düşərgədə deyil, kiçik və ya böyük şəhərlərdə yaşayırlar
Sputnik

BAKI, 19 iyun — Sputnik. Müharibə, təqib və münaqişələrdən qaçan insanların sayı 2018-ci ildə 70 milyonu keçib. Bu, BMT-nin qaçqınlar üzrə qurumunun mövcud olduğu 70 ilə yaxın müddət ərzində müşahidə etdiyi ən yüksək rəqəmdir. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınından Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur.

ABŞ-İran qarşıdurması: Milyonlarla qaçqın ölkəmizə girə bilərmi?

BMT QAK-ın açıqladığı "Qlobal tendensiyalar" barədə illik məruzəsindən götürülmüş məlumatlar göstərir ki, 70,8 milyona yaxın insan hazırda zorla didərgin salınıb. Müqayisə üçün qeyd edək ki, bu, 20 il əvvəlki saydan iki dəfə artıq, bir il əvvəlkindən isə 2,3 milyon nəfər çoxdur. Ölkələrlə müqayisə etdikdə isə Tailandın və ya Türkiyənin əhalisinin sayına yaxındır.

70,8 milyon rəqəmi təqribi rəqəmdir, xüsusən də nəzərə alsaq ki, Venesueladakı böhran hələlik bu rəqəmdə yalnız qismən öz əksini tapıb. Ümumən 4 milyona yaxın venesuelalı, onları qəbul etmiş hökumətlərin məlumatlarına əsasən, öz ölkəsini tərk edib ki, bu da bu böhranı dünyadakı son didərginlik bohranları arasında ən böyük böhrana çevirir.

Yenə də qaçqın faciəsi – 70 nəfər dənizdə batdı

"Gördüyümüz bu rəqəmlər müharibə, münaqişə və təqiblərdən qorunmağa ehtiyacı olan insanların sayında uzunmüddətli artım tendensiyasının əlavə təsdiqidir. Qaçqınlara və miqrantlara münasibətdə çox zaman fikir ayrılıqlarının olmasına baxmayaraq, biz həm də insanların, xüsusən özləri çoxlu sayda qaçqınları qəbul etmiş icmaların genişqəlbliliyinin və həmrəyliyinin şahidi oluruq. Biz həmçinin yeni subyektlərin, o cümlədən inkişaf təşkilatlarının, özəl müəssisələrin və fərdlərin misli görünməmiş iştirakını müşahidə edirik ki, bu da nəinki "Qaçqınlar haqqında qlobal müqavilə"nin ruhunu əks etdirir, həm də bu ruhu başqalarına ötürür", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. "Biz bu pozitiv nümunələrə istinad etməli və hər gün evlərini tərk etməyə məcbur olan çoxminli günahsız insanlarla həmrəyliyimizi ikiqat artırmalıyıq".

"Qlobal tendensiyalar" barədə məruzədə yer alan 70,8 milyon rəqəmi üç əsas qrupu əhatə edir. Bunlardan birincisi qaçqınlar, yəni münaqişə, müharibə və ya təqib səbəbindən ölkəsini tərk etməyə məcbur olmuş insanlardır. 2018-ci ildə qaçqınların sayı bütün dünyada 25,9 milyona çatıb ki, bu da 2017-ci ildəki saydan 500 min nəfər çoxdur. Bu ümumi rəqəm 5,5 milyon fələstinli qaçqını da əhatə edir ki, onlar da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinin himayəsi altındadırlar.

İkinci qrup sığınacaq axtaranlardır – bunlar öz mənşə ölkələrindən kənarda olan və beynəlxalq himayə altına alınan, amma qaçqın statusu üçün etdikləri müraciətlərin nəticəsini gözləyən insanlardır. 2018-ci ilin sonunda dünyada sığınacaq axtaran şəxslərin sayı 3,5 milyon şəxs olub.

41,3 milyon nəfərlik üçüncü və ən böyük qrup didərgin düşərək öz ölkəsi daxilində başqa ərazilərə köçmüş insanlardır. Bir qayda olaraq bu kateqoriya ölkə daxilində didərgin düşmüş insanlar və ya məcbur köçkünlər adlandırılır.

Qaçqınların ölkəyə axışması ciddi tədbirlərin görülməsinə səbəb olub

Didərginlik hallarının sayındakı ümumi artım didərgin düşən, amma problemlərinin həlli yolu tapılan insanların sayını üstələməkdə davam edir. Qaçqınlar üçün ən yaxşı həll yolu onların öz yurdlarına könüllü surətdə, təhlükəsiz və ləyaqətlə qayıtmasının mümkün olmasıdır. Digər həll yolları sırasına yerli icmaya inteqrasiya olunma və ya üçüncü ölkəyə köçüb orada məskunlaşma daxildir. Lakin 2018-ci ildə yalnız 92.400 nəfər qaçqın köçürülərək məskunlaşdırılıb ki, bu da köçürülmələrini gözləyənlərin 7 faizindən azdır. Təxminən 593.800 qaçqının evinə qayıtması mümkün olub, 62.600 qaçqın isə naturalizasiya olunub.

"Harada baş verməsindən və nə qədər uzun sürməsindən asılı olmayaraq hər bir qaçqınlıq situasiyasının həll edilməsi və insanların evlərinə qayıda bilməsi üçün maneələrin aradan qaldırılması daim diqqət mərkəzində olmalıdır", – deyə Qrandi bildirib. "Bu, BMT QAK-ın daim məşğul olduğu kompleks işdir, lakin bu iş həm də ümumi rifah naminə bütün ölkələrin bir araya gəlməsini tələb edir. Bu, dövrümüzün ən böyük vəzifələrindən biridir".

****

Qlobal tendensiyalar – 2018: Qaçqınlarla bağlı bilməli olduğunuz 8 fakt

• Uşaqlar: 2018-ci ildə hər 2 qaçqından biri uşaq olmuşdur ki, onların da çoxu (111.000) tək olmuşdur və ailələri ilə birlikdə olmamışdır.

• Körpələr: Uqanda ölkədə yaşı beş və ya daha az olan 2.800 tənha və ya ailəsindən ayrı düşmüş qaçqın uşaq olduğu barədə məlumat verib.

• Şəhər fenomeni: Qaçqın olaraq, insanlar böyük ehtimalla kənd yerlərində və ya düşərgədə deyil, kiçik və ya böyük şəhərlərdə (61%) yaşayırlar.

• Varlılar və yoxsullar: Yüksək gəlirli ölkələr orta hesabla əhalinin hər 1.000 nəfərinə 2,7 qaçqın, orta və aşağı gəlirli ölkələr isə orta hesabla 5,8 qaçqın qəbul ediblər. Ən yoxsul ölkələr dünyadakı bütün qaçqınların üçdə birini qəbul ediblər.

Trampın qaçqınlarla bağlı verdiyi qərar təxirə salınıb

• Məkan: Qaçqınların təxminən 80%-i mənşə ölkələrinin qonşuluğundakı ölkələrdə yaşayırlar.

• Müddət: Hər 5 qaçqından təxminən 4-ü ən azı beş il davam edən didərginlik durumundadır. Hər 5 nəfərdən biri isə 20 il və ya daha artıq davam edən didərginlik durumundadır.

• Sığınacaq axtaran şəxslər: 2018-ci ildə sığınacaq üçün yeni vəsatətlər ən çox venesuelalılar tərəfindən verilib (341.800).

• Müşahidə və müqayisə: Hazırda bəşəriyyətin hər 108 nəfərindən 1-i qaçqın, sığınacaq axtaran və ya məcburi köçkündür; on il əvvəl isə hər 160 nəfərdən 1-i bu durumda idi.