CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yevlax sakinindən xeyirli ixtira: Gəlirli sahənin əziyyətini minimuma endirib

Onun hazırladığı texnika böyük əziyyət tələb edən baramaçılıqda əməyi ağlasığmaz dərəcədə yüngülləşdirib
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Yevlax rayon Aşağı Qarxun kənd sakini baramaçılıq üçün səmərəli qurğular ixtira edib. O, bu qurğuların vasitəsilə 15 nəfərin işini tez bir zamanda həyata keçirir. Bununla həm əziyyəti minimuma endirir, həm də vaxta qənaət edir.

Yevlax sakinindən xeyirli ixtira: Gəlirli sahənin əziyyətini minimuma endirib

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 64 yaşlı Vasif Nəsirov 2 cür qurğu hazırlayıb. Onlardan biri ipəkqurdunun ilkin dövrləri üçün yarpaq doğrayan, digəri isə barama təmizləyən vasitədir.

İlk olaraq yarpaq doğrayan qurğu haqda danışan V.Nəsirov, sadə detallardan hazırlanmasına baxmayaraq yarpaq doğrayan texnikanın əməyi ən azı 80% səmərələləşdirdiyini söyləyib.

Yevlax sakinindən xeyirli ixtira: Gəlirli sahənin əziyyətini minimuma endirib

"Baramanın ilk həftəsində yarpaq doğranıb verilməlidir. Bu da baramaçı üçün böyük əziyyətə başa gəlir. Baltayla, dəhrəylə, bıçaqla 1 saata görülən işi bu qurğu 5 dəqiqəyə edir", – deyə ixtiraçı bildirir.

O, bu qurğunun 250 manata başa gəldiyini, ən bahalı detalının isə qurğunu işə salan 0,7 kVt gücündəki elektrik mühərrikinin olduğunu deyir.

Onun hazırladığı digər bir texnika isə barama təmizlənməsində çox böyük fayda verir. V.Nəsirovun sözlərinə görə ərsəyə gətirdiyi texnika vasitəsi ilə 1 saata 30-40 kiloqram, 1 günə 1 tona yaxın ipək qurdunun baramasını təmizləmək mümkündür.

"Bu, əvəzsiz bir texnikadır. İnsan əli bir baramanı ən yaxşı halda 5-6 saniyəyə təmizləyə bilər. Nəzərə alın ki, bir kiloqramda 700-dən artıq barama olur. Görün onu əl ilə təmizləmək nə qədər vaxta və əziyyətə başa gəlir. Bu texnika isə günlərlə davam edən əziyyəti minimuma endirir. 3-4 nəfərin 3-4 günə gördüyü işi 1 saata başa vurur" – deyə o, məlumat verib.

Yevlax sakini əsas detallarının pambıqyığan kombayn hissələri təşkil edən bu qurğunun ona 800 manat civarında başa gəldiyini söləyib. O, hazırladığı texnikaya marağın böyük olduğunu, lakin lazım olan detalların tapılmaması səbəbindən digərlərini hazırlaya bilmədiyini bildirib. Söz verir ki, əgər dövlət dəstəyi olarsa, əlindən gələn köməyi əsirgəməyəcək və başqa insanlar üçün də onu hazırlayacaq. 

Artıq 3 ildir 80-100 kq barama tədarük edərək təhvil verən V.Nəsirov bu sahəni ölkəmizdə yenidən inkişaf etdirilməsində əməyi olanlara öz təşəkkürünü bildirib.

Baramaçı eyni zamanda Sputnik Azərbaycan vasitəsilə bir müraciət ünvanlayıb: "İpəkqurdunun toxumunu sovetlər dönəmində həmişə aprel ayında verərdilər. Amma biz mayın əvvəlində götürürük. Nəticədə istiyə düşür, həm yarpağı qurda çatdırana kimi quruyur, yaxşı yeyilmir, həm də barama yaxşı toxunmur. İpəkqurdu toxumunu aprelin 25-26-sı versələr, istiyə qalmaz, daha yaxşı inkişaf edər. Ümid edirəm ki, gələcək illərdə bu xahişimi nəzərə alarlar".