TƏHLİL

Yollarda təhlükəsiz hərəkət necə təmin edilir - DYP rəsmisi danışdı

DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şübəsinin rəisi Rüfət Quliyev deyir ki, yollarda təhlükəsiz hərəkətin təmin olunması üçün DYP əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilir
Sputnik

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Mutimedia Mətbuat Mərkəzində DİN BDYPİ nümayəndələrinin iştirakı ilə “Piyadaların yol hərəkəti qaydalarını bilməməsi və bunun törətdiyi fəsadlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, yol hərəkəti ilə bağlı qarşılaşılan problemlər çox aktualdır:

“Yollarda təhlükəsiz hərəkətin təmin olunması üçün DYP əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilir. Təəssüflər olsun ki, hələ də piyadalar və sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına yol verilir. Qeyd edim ki, 2019-cu ilin son 5 ayı ərzində ümumilikdə 672 yol-nəqliyyat hadisəsi baş verib, bunun nəticəsində 272 nəfər həyatını itirib, 609 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş vermiş hadisələrdən 303-ü piyadaların vurulması ilə nəticələnib. Müvafiq qaydada 123 nəfər dünyasını dəyişib, 195 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıbdır. Təbii ki, bu rəqəmlər xoş deyil və biz çalışırıq bu sayı minimuma endirək”.

Rüfət Quliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz