BMT Qaşıqçının qətlində nüfuzlu siyasətçinin iştirakına dair sübutlar tapıb

Ötən ilin oktyabrın 2-də jurnalist Camal Qaşıqçı İstanbuldakı konsulluqda öldürülüb
Sputnik

BAKI, 19 iyun — Sputnik. Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın məşhur jurnalist Camal Qaşıqçının qətlində iştirakının olduğuna dair etibarlı sübutlar mövcuddur, lakin bundan əlavə istintaqa ehtiyac var.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin məhkəmədənkənar edamlar məsələsi üzrə xüsusi məruzəçisi Anes Kalamarın hesabatında deyilir.

Politoloq: “Qaşıqçı cinayəti ilə bağlı son sözü demək hələ tezdir”

Xatırladaq ki, ötən ilin oktyabrın 2-də jurnalist Camal Qaşıqçı İstanbuldakı konsulluqda öldürülüb. Qətldən sonra Səudiyyə Ərəbistanına təzyiqlər artmışdı. Ər-Riyad rejimini qınayanlar arasında Ağ Ev də var idi.

Bir qədər sonra Səudiyyə Ərəbistanı jurnalistin Türkiyədəki konsulluqda dava zamanı oradakı əməkdaşlar tərəfindən qətlə yetirildiyini etiraf etmişdi.
Səudiyyə hüquq-mühafizə orqanları qətllə bağlı 11 nəfəri saxlamışdı. İttihamçı onların beşi üçün ölüm cəzası tələb etmişdi. Lakin Ər-Riyad qətldə şübhəli bilinənləri istintaqın keçirilməsi üçün Türkiyəyə verməkdən də imtina etmişdi.

"Xüsusi məruzəçi aşkar edib ki, Səudiyyə Ərəbistanının ayrı-ayrı yüksək vəzifəli rəsmilərinin, o cümlədən vəliəhd şahzadənin (qətldə - red.) iştirakının əlavə olaraq araşdırılmasını tələb edən etibarlı sübutlar var", - deyə sənəddə bildirilir.

BMT Camal Qaşıqçı olayı ilə bağlı çağırış etdi

Kalamar, həmçinin Səudiyyə vəliəhdi və qətldə əli ola biləcək digər şəxslərə qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasına çağırıb.

BMT xüsusi məruzəçisinin hesabatında məsləhət görülür ki, Məhəmməd bin Salmanın məşhur jurnalistin edamında məsuliyyət daşımadığına dair sübut gətirilənədək vəliəhdə, xüsusən də onun Səudiyyə Ərəbistanından kənarda olan aktivlərinə qarşı sanksiyalar tətbiq olunsun.

Kalamar, həmçinin ABŞ-ın Federal Tədqiqatlar Bürosunu Qaşıqçının edamı ilə bağlı araşdırma aparmağa çağırıb.

Xüsusi məruzəçinin məsələ ilə bağlı əldə etdiyi nəticələr iyunun 26-da dərc olunacaq.