Qazaxıstanda aksiyalar: 300 polis xəsarət alıb, 4 minə yaxın şəxs tutulub

Prezident aksiyaların keçirildiyi əraziyə təsadüfən gələn şəxslərin azad olunmasını tapşırıb
Sputnik

BAKI, 18 iyun — Sputnik. Qazaxıstanda razılaşdırılmayan aksiyalar zamanı təxminən 4 minə yaxın şəxs saxlanılıb. Sputnik Qazaxıstan xəbər verir ki, bunu Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev bildirib.

Politoloq Qazaxıstanın yeni prezidentinin Azərbaycana münasibətini şərh edir

"Üç yüzdən çox polis əməkdaşı bədən xəsarətləri alıb. Onlardan 6-sı hazırda hospitaldadır. Polislərin bir hissəsi 9-11 iyun tarixlərində yaralanıb. Bu rəqəmi biz daha əvvəl açıqlamamışıq", - deyə nazir hökumətin iclasının kuluarlarında bildirib.

O, əlavə edib ki, polislər əsasən yüngül bədən xəsarətləri alıblar. Nazirin sözlərinə görə, yaralılar arasında kəllə-beyin travmaları alanlar da var. Onun sözlərinə görə, polislərə bədən xəsarətləri taxta, daş və armatur vasitəsilə yetirilib.

Daxili İşlər nazirinin sözlərinə görə, mitinqlər ərzində 4 minə yaxın şəxs saxlanılıb: "Təxminən 4 minə yaxın vətəndaş saxlanılıb. Onlardan 3 minə yaxını ilə profilaktik söhbət aparılıb və onlar azad olunublar. 677 şəxsə qarşı inzibati həbs qəti imkan tədbiri seçilib, 305 nəfər cərimələnib. Yəni təxminən minə yaxın şəxs İnzibati Məcəllə ilə məsuliyyətə cəlb olunub".

Qeyd edək ki, prezident seçkiləri ərəfəsində Almatı və Nur-Sultanda razılaşdırılmayan aksiyalar keçirilib. Prezident aksiyaların keçirildiyi əraziyə təsadüfən gələn şəxslərin azad olunmasını tapşırıb.