Azərbaycandan İran ərazisinə girişdəki bəzi məhdudiyyətlər aradan qalxdı

Ötən il Azərbaycanla İran arasında ticarət dövriyyəsi 74% artıb
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Azərbaycan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran İslam Respublikasının ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə razılıq əldə edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Məlumata görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2002-ci ilin may ayında Tehran şəhərində imzalanmış "Beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin 13-cü bəndinə əsasən, beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası 2019-cu ilin iyun ayında Bakı şəhərində keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi cənab Mənuçehr Salmanzadə rəhbərlik edib.

Azərbaycan-Rusiya sərhədində əməliyyat: Böyük silah arsenalı tapıldı – Saxlanılanlar var

İclasda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə irimiqyaslı islahatların həyata keçirilməsindən, respublikamızın beynəlxalq aləmə inteqrasiyası istiqamətində əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycan ilə İran arasında ikitərəfli əlaqələrdən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən iri regional layihələrdən danışıb. Həbib Həsənov qeyd edib ki, 2018-ci ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ticarət dövriyyəsi 446 mln. ABŞ dolları təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 74% artıq olub. İkitərəfli görüş zamanı əldə edilən ən vacib məsələlərdən biri Azərbaycan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran İslam Respublikasının ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə olub. Yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual problemlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə "Azərbaycan-İran Qarışıq Komissiyası"nın növbəti iclası öz işinə yekun vurub.