İlham Mustafa, Sputnik Azərbaycan
17 iyun - Sputnik Azərbaycan. Xəbər verdiyimiz kimi, Ağstafada 12 əvvəl başlayan qan davası daha 4 nəfərin qətlinə, 3 nəfərin isə yaralanmasına səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri şahidlərin söylədiklərinə əsasən xəbər verir ki, rayonun Sadıxlı kəndində iki ailə - Süleymanovlar və Musayevlər arasında torpaq üstündə başlayan münaqişə 2007-2008-ci illərdə Süleymanovlardan 2, Musayevlərdən isə 1 nəfərin ölümü ilə nəticələnib. Bu davanın davamı olaraq bu gün törədilən dəhşətli qətldə isə birincilərin nümayəndəsi Elnur Süleymanov, Novruz və Şəmiddin Musayevləri və onların anaları Şərqiyyə Musayevanı qətlə yetirib. Silahlı insident qonşu Böyük Kəsik kəndinin kənd təsərrüfatı məhsullarının satışı bazarında baş verdiyindən gülləbaran zamanı daha bir nəfər - Ağgöl kənd sakini Zeynəb Cəlilova da qətlə yetirilib. Həmçinin yaxınlıqda olan 3 nəfər güllə yaraları alıblar. Qeyd edək ki, qətlə yetirilən Novruz və Şəmiddin Musayevlər 12 il əvvəl Elnur Süleymanovun atasının qətlində iştirakına görə azadlıqdan məhrum edilib və hər ikisi son bir il ərzində həbs müddətlərini başa vuraraq kəndlərinə dönüblər.
Hadisə nəticəsində xəsarət alan Lilpar Əhmədova Sputnik Azərbaycan-ın bölgə müxbirinə hadisənin baş vermə anını belə təsvir edib:
"Böyük Kəsikdə bazarlıqda idik. Ölənlərin qan davası vardı. Onlar da mənim yanımda dururdu. Vuran oğlan da bazara gəlib pomidor aldı. Aparıb maşına qoyub oradan avtomatı götürüb başladı bizim isitqamətdə atəş açmağa. Təxmini tutub atırdı, kimə dəyir dəysin".
Qətlə yetirilənlərin qohumu Şahin Musayev insidentin nəsil davası olduğunu təsdiqləyib.
"Bu hadisə kənddə 2007-2008-ci illərdə baş verənlərin qisası məqsədilə törədilib. Ölənlərdən biri 9, o biri 1 il olar ki, həbsdən çıxmışdı. Cəzalarını çəkib gəlmişdilər. Bu gün ana-bala Bakıdan gəlirmişlər. O biri qardaşı da qatarı qarşılamağa çıxıb. Elə həmin yerdə də hadisə baş verib" - deyə o bildirib.
Yaralıların durumuna gəldikdə isə, Ağstafa rayon mərkəzi xəstəxanasının həkimi Teyyub Carçıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yaralılardan Əhmədova Lilpar Baba qızının (1964) vəziyyəti ağırdır, hazırda reanimasiyada ona yardım göstərilir və Gəncə şəhərinə köçürülməsi planlaşdırılır. Digər xəstə Abdullayev İbrahim Rasim oğlu (20 yaş) sağ baldır nahiyəsinin güllə yarası diaqnozu ilə yardım alıb, vəziyyəti kafidir. Üçüncü yaralı İsayev Nüsrət Məhəmməd oğlu (68 yaş) isə sol baldır sümüklərinin odlu silah yaralanması nəticəsində açıq sınığından yardım alır.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağstafada baş verən ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisəni törədən Elnur Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib. Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.