Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 17 iyun — Sputnik. Bu həftə Azərbaycana qonşu olan İran İslam Respublikası ölkə tarixində bir ilk yaşandı. Belə ki, Yaponiya Baş naziri Sindzo Abe iyunu 12-də Tehrana rəsmi səfərə gəlmişdi. O, son 41 ildə ilk dəfə İrana səfər edən yapon baş nazirdir. Bundan əvvəl sonuncu dəfə İrana Yaponiyanın Baş naziri Takoe Fukuda səfər etmişdi. Bu səfər 1978-ci ildə hələ şah rejimi dövründə - İslam Respublikası formalaşmasından əvvəl həyata keçmişdi. Bununla da Abe İran İslam Respublikasına səfər edən Yaponiyanın ilk Baş naziri kimi tarixə düşüb. Daha da maraqlısı Abenin iki gün davam edəcək səfəri regionda gərginliyin artması, İran – ABŞ münasibətlərinin kəskinləşdiyi bir dövrdə baş tuturdu. Abenin Tehrana ABŞ və İran arasında vasitəçi missiyasını həyata keçirmək üçün getdiyi də qeyd olunurdu. Onun səfərində əsas məqsəd İranın ali dini lideri Xameneini iyun ayında Osakada "İyirmiliyin" sammitinə gəlməyə razı salmaq və orada onun ABŞ Prezidenti Donald Trampla görüşünü təşkil etmək idi. Bununla da rəsmi Tokio Tehran və Vaşinqton arasında birbaşa dialoqun qurulmasına öz töhfəsini vermək istəyirdi.
Lakin gözlənilənlər olmadı və İranın tərəfi, ali dini lideri Abenin bu təkliflərindən imtina etdi. Bu azmış kimi ötən gün İran və Ərəb KİV-i "Front Altair" və "Kokuka Courageous" neft tankerlərinə hücumların edilməsi haqqında məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, torpedo hücumu nəticəsində gəmilərdə partlayış və yanğın baş verib. "Front Altair" ekipajının üzvlərini İran təxliyə edib. Rəsmi Vaşinqton isə dərhal hücumda Tehranı ittiham edib. İran rəsmiləri isə israrla hadisəyə görə məsuliyyət daşımadıqlarını bildirilər. Abenin uğursuz səfərindən dərhal sonra Oman boğazında belə bir hadisənin baş verməsi isə ağıllarda baş verənlərin təsadüf və ya zərurət olması sualını ortaya çıxardı.
Sputnik Azərbaycan İran üzrə ekspert, jurnalist Fərhad Daneşvarla İran ətrafında baş verən son hadisələr, həmçinin Oman körfəzində tankerlər bağlı baş verən insidentin neft bazarına necə təsir edəcəyi ilə bağlı həmsöhbət olub.
İran üzrə ekspert qeyd edib ki, Yaponiya Baş naziri Sindzo Abe Tehrana səfəri zamanı İranın ali dini lideri Əli Xameneiyə ABŞ Prezidenti Donald Trampın mesajlarını gətirmişdi: "İranın ali dini lideri isə öz növbəsində ABŞ tərəfinə heç bir mesaj göndərmək niyyətində olmadığını dilə gətirdi. Çünki Xamenei düşünür ki, bu gün Birləşmiş Ştatlar hökuməti etimad olunası hökumət deyil. Nəticə etibarı ilə Sindzo Abe tərəfindən gətirilən görüş və ya ABŞ və İrana arasında birbaşa müzakirələr, danışıqların aparılmasına dair təklifləri rəsmi Tehran tərəfindən qəbul olunmadı. Məhz buna görə ötən gün ABŞ Prezidenti Donald Tramp "Twitter"də məlumat paylaşaraq hazırda nə iranlıların, nə də amerikalıların hazırda razılaşma əldə etməyə hazır olmadıqlarına bildirdi".
Ötən gün Oman boğazında iki tankerə edilən hücumla bağlı hadisəyə münasibət bildirən Fərhad Daneşvar qeyd edib ki, hələlik hadisənin baş verməsi ilə bağlı beynəlxalq araşdırma həyata keçirilməyib və hadisənin hansı ölkə tərəfindən törədildiyini demək olduqca çətindir: "Ümumiyyətə bu hadisənin hər hansı üçüncü bir qüvvə tərəfindən də təxribat məqsədilə də etdiyi də istisna olunmur. Düşünürəm ki, hadisənin daha ətraflı öyrənilməsin, araşdırılmasına ehtiyac var. Yalnız bundan sonra hadisənin təsadüf və ya zərurət olmasından danışmaq olar".
Son günlər regionda baş verənlərlə bağlı İran və ABŞ arasında müharibə olacağına dair səslənən fikirlərə münasibət bildirən ekspert qeyd edib ki, nə qədər paradoksal sələnsə də İran və Birləşmiş Ştatlar arasında hərbi qarşıdurmanın ehtimalı nə qədər artsa da, bir o qədər də azdır: "Belə ki, nə İran rəhbərliyi, nə ABŞ Prezidenti Donald Trampın Administrasiyası mümkün müharibənin, hərbi qarşıdurmanın tərəfdarı deyil. Hər iki tərəf bundan əvvəl də dəfələrlə vurğulayıb ki, mümkün hərbi qarşıdurma heç kimin strateji maraqlarına uyğun deyil. ABŞ Prezidenti də hətta son çıxışında İranda rejim dəyişikliyi istəmədiyini sadəcə İranın ümumilikdə Yaxın Şərq regionunda davranışının dəyişilməsini istədiyini dilə gətirib. Məhz buna görə də ABŞ-a məxsus "USS Abraham Lincoln" aviadaşıyıcısısı Fars körfəzinə yaxınlaşsa da, ora daxil olmadı. Belə ki, aviadaşıyıcı ərəb dənizi, Oman körfəzinə daxil olsa da, İrana sərhədlərinə yaxın gəlmədi. Bundan əsas səbəbi onsuzda əsəblərin tarıma çəkildiyi regionda vəziyyəti daha da gərginləşdirməmək idi. ABŞ hərbçiləri son açıqlamalarında iranlı həmkarlarının professional olduqlarını və vəziyyəti gərginləşdirəcək tədbirlər görmədiklərini dilə gətirib. Baş verənlər fonunda hər iki tərəf müsbət bəyanatlar səsləndirirlər, bir növ tərəflər daha əvvəl səsləndirdikləri kəskin ritorikanı bir qədər yumşaldıblar. Ona görə də mən İran və ABŞ arasında hərbi qarşıdurma ehtimalının çox aşağı olduğunu düşünürəm. Amma nəzərə almaq lazımdır ki, hazırda region partlamağa hazır barıt çəlləyini xatırladır və ən xırda, ehtiyatsız bir səhv böyük bir partlayışa, fəlakətə səbəb ola bilər".
Fərhad Daneşvar Oman körfəzində baş verən son insidentin dünya bazarlarında neft qiymətlərinə necə təsir edəcəyindən də söz açıb: "İran – ABŞ münasibətlərinin kəskinləşməsi fonunda bu günə qədər verilən bütün proqnozlarda dünya bazarlarında neft qiymətlərinin daha kəskin artacağı gözlənilirdi. Lakin proqnozlara baxmayaraq neft qiymətlərində kəskin artım olmadı. Əksinə zaman-zaman qiymətdə azalmalar da müşahidə olundu. Neft bazarında bir qanun var: tələb və təklif. Nə qədər ki, bazarda tələb olunan həcmdə neft var, ondan neftin qiyməti də sabit olur. Bu balans pozulduqda isə qiymətlər dəyişir. Hazırda vəziyyət belədir ki, dünyada iqtisadi inkişaf tempi proqnozlaşdırıldığından az oldu. Bu faktı Beynəlxalq Valyuta Fonunun son hesabatı da təsdiqləyir. Fars körfəzində gərginlik artarsa biz neft qiymətlərində artımın şahidi olacaq. Oman boğazında insidentdən sonra neft qiymətlərinin bir qədər qalxması məhz bununla bağlıdır".