CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaz problemi bitdi, indi növbədə işıq məsələsidir

Ekspert: "Qaz limitləri artırılıb, işıq ilə bağlı da qərarın verilməsi daha məntiqlidir"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. "Əhali üçün elektrik enerjisinə tətbiq edilən limitlərin artırılmasının tərəfdarıyıq. Azərbaycanın mövcud iqtisadi durumu və xüsusən də 2017-ci ildə iqtisadi stabilliyin əldə edilməsi nəticədə kommunal xidmətlərin daha ucuz təklif edilməsinə imkan verir".

"Azəriqaz" sayğaclarda balansın artırılmasına limit tətbiq edib

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov işığın limitindən danışarkən Sputnik Azərbaycan-a deyib.

Onun sözlərinə görə, 2017-ci ildən etibarən ölkədə iqtisadiyyatın stabilləşməsi, 2018-ci ildə iqtisadi artımın əldə edilməsi müşahidə olunub: "Bu, kommunal xidmətlərin istehsalına və təklifinə də təsir göstərib. Elektrik enerjisinin istehsalında ciddi artımlar müşahidə olunub. Elektrik enerjisinin istehsalı da nəticədə kommunal xidmət olaraq elektrik enerjisinin daha ucuz qiymətə və daha artırılmış limitlər daxilində təklif edilməsinə imkan verir. Azərbaycan iqtisadiyyatında artım tempinin bərpa edilməsi, neftin qiymətinin məqbul səviyyədə olması işığın limitinə baxılması və onun artırılması üçün baza formalaşdırıb".

Ekspert qeyd edib ki, digər tərəfdən, sektoral faktorlar da işığın limitinin artırılması üçün iqtisad zəmin yaradır: "Xüsusən sektoral olaraq gəlirin artmasını müşahidə edirik. Nəticədə sektoral dəyişikliklər işığın limitinin artırılmasına imkan verir. O baxımdan həm makro, həm də sektoral faktorlar limitin artırılması üçün baza formalaşdırıb".

"Limitin artırılması sosial təminat baxımından da vacibdir. Xüsusən aztəminatlı vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından mühüm şərtlərdən biridir. İşığın limitinin vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək səviyyədə artırılmasına ehtiyac var"-deyə o bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a deyib ki, ümumiyyətlə, işığın limitinin ləğv edilməsi daha məqsədəuyğundur: "Çünki ölkədə özəl elektrik enerjisi istehsal edən və satan şirkətlər yoxdur, büdcədən ayrılan vəsait hesabına infrastruktur qurulur. Yəni vətəndaşlar dolayı yolla həmin infrastrukturun qurulmasında iştirak edirlər. Ona görə də ümumiyyətlə limitlərin ləğv edilməsi daha doğru addım olar. Qaz limitləri artırılıb, işıq ilə bağlı da qərarın verilməsi daha məntiqlidir".

"Bu sahədə özəl şirkətlər olarsa, müəyyən limitlərin olması gündəmə gələ bilər. Amma hələ ki, dövlətin əlindədir deyə mövcud limitlərin ləğv edilməsi ən doğru addım olar" – deyə ekspert əlavə edib.

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Qeyd edək ki, bu yaxınlarda deputat Fazil Mustafa da deyib ki, parlamentdə qazın limitinin artırılması ilə bağlı məsələ qaldırılıb: "Dövlət başçısının tapşırığından sonra qazın limiti artırıldı və bu, müsbət addımdır. Hesab edirəm ki, əhali üçün elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır".

Deputat bildirib ki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti yaxşı deyil: "Əhali xüsusilə isti aylarda kondisionerdən istifadə edir və soyuq havalarda qaz olmayanda yenə elektrik enerjisinə üz tutur. Elektrik enerjisi ilə bağlı istehlakçılar üçün limit aradan qaldırılmalıdır".

Xatırladaq ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.