BAKI, 15 iyun — Sputnik. " Lombardlar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, yeni qanun layihəsi lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarətlə bağlı münasibətləri tənzimləyəcək.
6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilib.
Lombardların fəaliyyətinə lisenziya verilməsinə görə rüsum tutulacaq. Layihənin 18-ci maddəsində (Lisenziya və icazə) deyilir ki, lombard fəaliyyətinə lisenziya verilməsi üçün "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödəniləcək.
Bundan başqa, qanun layihəsinin 18-ci maddəsində göstərilir ki, lombardlara müddətsiz lisenziya və icazə veriləcək. Lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir. Lisenziya və icazə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya və icazə yalnız onu almış lombard və filial tərəfindən istifadə edilə bilər.
Qanun layihəsinin 4-cü maddəsində (Lombardın nizamnamə kapitalı) deyilir ki, lombardın minimum nizamnamə kapitalı Azərbaycanın milli valyutasında formalaşdırılmalıdır. Lombardın nizamnamə kapitalının minimum miqdarına dair tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunur.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin iclasına tövsiyə edilib.