İlin sonunadək Türkiyədə dolların məzənnəsi artacaq

"Moody's" Türkiyənin kredit reytinqini aşağı salıb
Sputnik

BAKI, 15 iyun — Sputnik. Beynəlxalq kredit reytinqi agentliyi "Moody's" Türkiyənin kredit reytinqini ''Ba3''dən ''B1''ə endirib. Reytinqin proqnozu neqativ olub.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, agentliyin açıqlamasına görə, reytinq endirimi tədiyyə balansı böhranının artmağa davam etməsini əks etdirir. Türkiyə uzunmüddətli iqtisadi və maliyyə oynaqlıq dövrünə qarşı kövrək qalmaqda davam edir. Türkiyənin valyuta ehtiyatlarında azalma davam edir.

Moody's İstanbulda təkrar seçkinin qeyri-müəyyənlik yaratdığını, türk lirəsinin daha da ucuzlaşa biləcəyini, valyuta ehtiyatlarının daha da azala biləcəyini proqnozlaşdırıb.

Açıqlamada Türkiyəyə sanksiya tətbiq olunmasının daha çox bazar reaksiyasına səbəb olacağı və kredit reytinqi üçün də mənfi olacağı qeyd edilib.

Qurum S-400 böhranına da toxunaraq ABŞ-ın mümkün sanksiyaları da Türkiyə iqtisadiyyatı və maliyyə sistemi üzərində təzyiq yaradır açıqlamasını verib.

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi "Moody's"in qərarını sərt tənqid edib. Nazirliyin açıqlamasında agentliyin qərarının Türkiyə iqtisadiyyatının əsas göstəriciləri ilə uyğun gəlmədiyi və bu səbəbdən qurumun obyektivliyinin sual doğurduğu qeyd olunub.

Hazırda dollar/TL məzənnəsi 5.9011 səviyyəsindədir.

Bu arada Türkiyənin Mərkəzi Bankı ilin sonu üçün dollar və inflyasiya proqnozlarını açıqlayıb. Bu ilin sonuna dolar/TL məzənnəsi 6,43-dən 6,30 səviyyəsinə endirilib.

Qeyd edək ki, dünən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun S-400 məsələsində heç bir şəkildə geri addım atmayacağıq deməsindən sonra lirə dollar qarşısında daha da ucuzlaşıb.