İQTİSADİYYAT

Haqq ödəməyən banklar cərimələnəcək

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib
Sputnik

BAKI, 15 iyun - Sputnik. Azərbaycanda maliyyə bazarlarına nəzarət orqanına - Maliyyə Bazarlarına Nəzarət Palatasına haqların ödənilməməsinə görə cərimə müəyyən edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Məcəllənin 471-ci (Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi) maddəsi yeni redaksiyada verilib: "Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə edilir".

Qeyd edək ki, dəyişiklik maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə təklif edilir. Maliyyə Bazarlarına Nəzarət Palatasına maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən ödənilən haqların məbləği və ödənilmə qaydası həmin Palatanın 5 aprel 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalarla müəyyən olunur.

Dəyişiklik Milli Məclisin sonuncu iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.