MƏDƏNİYYƏT

Bəsti Cəfərovanın 60 illiyi münasibəti ilə yubiley gecəsi keçiriləcək

Yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə "Qətibə İnanc" tamaşası oynanılacaq
Sputnik

BAKI, 14 iyun — Sputnik. İyunun 14-ü saat 19:00-da Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illiyi münasibəti ilə yubiley gecəsi təşkil olunacaq.

Bəsti Cəfərovanın 60 illiyi münasibəti ilə yubiley gecəsi keçiriləcək

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə "Qətibə İnanc" tamaşası oynanılacaq.

İki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz​ ​ Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.​

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar​ mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Qeyd edək ki. Azərbaycan Respublikasının Xalq Artisti Bəsti Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. Akademik Milli Dram Teatrda müxtəlif illərdə Səltənət ("Quşu uçan budaqlar", Ə.Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R.Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S.Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Solmaz ("Od gəlini", C.Cabbarlı), Martrio ("Dişi canavar", F.Q. Lorka), Qonerilya ("Kral Lir", V.Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç.Aytmatov və M.Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J.Rassin), Afət ("Afət", H.Cavid), Qadın ("İnsan səsi", J.Kokto), Xanuma ("Xanuma", A. Saqarelli), Jivka ("Nazirin xanımı", B. Nuşiç), Qətibə İnanc ("Qətibə İnanc", M.S. Ordubadi) və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Pəri ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Gülay ("Ər və arvad" Mar Bayğıyev), Alina ("Astana", Anatoli Dudarev), Rəna ("Analar" Əzizə Cəfərzadə), Ağabəyim ağa ("Güllələnmiş heykəllər" Hüseynbala Mirələmov) əsərlərinin tamaşalarında rol alıb. Ömrün yolları , "Astana", "Solğun çiçəklər", "Analar", "Yaramaz", "Canavar balası", "Doğan Günəş", "Güllələnmiş heykəllər", "Bizim qəribə taleyimiz", "Günaydın, mələyim!" filmlərində yadda qalan obrazlar yaradıb.