RUSİYA

Rusiyada keçirilən sorğu Azərbaycanla bağlı gözlənilməz nəticələri ortaya çıxarıb

Respondentlərin 16%-i ölkəmizi Moskvanın yaxın dostları siyahısına daxil edib
Sputnik

BAKI, 14 iyun — Sputnik. Daha çox Rusiya vətəndaşı Azərbaycanı öz ölkələrinin yaxın dostu hesab etməyə başlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, “Levada” mərkəzi tərəfindən keçirilmiş sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verir.     

Ölkəmizi Rusiyanın yaxın dostları siyahısına daxil edən respondentlərin sayı il ərzində 8%-dən 16%-ə artıb. 

Azərbaycan-Rusiya sərhədində əməliyyat: Böyük silah arsenalı tapıldı – Saxlanılanlar var

Respondentlər Rusiyanın dostları sırasında birinci yeri Belarusa veriblər (62%). 2018-ci ildə sorğu iştirakçılarının 49%-i bu ölkəni Moskvanın dostu adlandırırdı.     

Belarusdan sonra Moskvanın dostları siyahısında ikinci yerdə 42% səslə Çin qərarlaşıb (2018-ci ildə 40%). 

Ölkənin dostları sırasında həmçinin, Qazaxıstan (38%), Ermənistan (22%), Suriya (14%) və Hindistan (14%) yer tutub. 2018-ci ildə bu göstəricilər müvafiq olaraq 32%, 11%, 21% və 19% olub. 

Rusiyaya qarşı respondentlərin fikrincə düşmən mövqe tutan birinci üç ölkənin siyahısında dəyişiklik baş verməyib. Bunlar, ABŞ, Ukrayna və Böyük Britaniyadır. Lakin ABŞ və Ukraynanı öz ölkələrinin düşməni hesab edən respondentlərin sayı kəskin şəkildə azalıb – müvafiq olaraq 78%-dən 67%-ə və 49%-dən 40%-ə.

Politoloq Aleksey Makarkinin "Vedomosti"yə bildirdiyinə görə, ABŞ və Ukraynaya qarşı mənfi münasibət ona görə azalıb ki, insanları artıq geosiyasətdən və dünyada baş verənlərdən daha çox qiymətlər və maaşlar narahat etməyə başlayıb.