BAKI, 13 iyun-Sputnik. Azərbaycanda xarici bankların yerli filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Banklar haqqında" qanuna dəyişiklik edilib.
Qanunun 46-1-ci maddəsinə (Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar) təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.
Mövcud maddədə isə deyilirdi ki, banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.
Qanun layihəsi maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqların xarici bankların yerli filiallarına da şamil olunmasını nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, xarici bankların yerli filialları ölkə ərazisində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir və ölkənin maliyyə bazarlarına nəzarət sektoru onları da əhatə edir.
Milli Məclisin iclasında müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.