Xamenei Trampın mesajını rədd etdi

“ABŞ prezidentinin mesajına cavabım yoxdur və olmayacaq da” - İranın ali dini lideri deyib.
Sputnik

BAKI, 13 iyun — Sputnik. İranın ali dini lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın mesajını cavablandırmaqdan imtina edib. 

Sputnik Azərbaycan İran liderinin saytına istinadən xəbər verir ki, mesajı Tehranda səfərdə olan Yaponiya Baş naziri Sindzo Abe çatdırıb.     

İran nüvə silahı ilə bağlı bəyanat verdi

Tehranda Xamenei və Abe arasında baş tutmuş görüşün əvvəlində Yaponiya baş naziri deyib: “Zati-alinizə Amerika Birləşmiş Ştatları prezidentinin mesajını çatdırmaq istərdim.” 

“ABŞ prezidentindən mənə çatdırdığınız mesaja cavabım yoxdur və olmayacaq da. Mən Trampı heç bir (cavab) mesaja layiq adam kimi görmürəm” - deyə Xamenei bildirib.                   

ABŞ prezidentinin İran liderinə göndərdiyi mesajın təfərrüatları açıqlanmır. Lakin qeyd olunur ki, Yaponiya baş naziri Xameneiyə Trampın İranda rejimi dəyişməyə çalışmadığını, İranın nüvə silahı yaratmasının qarşısını almağı və İranla danışıqlar aparmaq istədiyini deyib.                                 

Bildirilir ki, Xamenei Vaşinqtonun İranda rejimi dəyişməyə çalışmadığı haqqında Trampın sözlərini yalan adlandırıb və qeyd edib ki, İran təkrarən danışıqların aparılması məsələsində ABŞ-a inanmır və nüvə silahı əldə etməyə çalışmır.

Yaponiya Baş naziri Sindzo Abe dünən Tehrana rəsmi səfərə gəlib. O, son 41 ildə ilk dəfə İrana səfər edən yapon baş nazirdir.

Abenin İrana səfəri rəsmi Tokionun iki tərəfdaşı, Tehran və Vaşinqton arasında münasibətlərin kəskinləşməsi fonunda baş tutub.

Vəziyyətlə tanış mənbə RİA Novosti-yə bildirib ki, 41 il sonra baş tutan səfərdə əsl məqsəd Xameneini iyun ayında Osakada "İyirmiliyin" sammitinə gətirmək və orada onun ABŞ Prezidenti Donald Trampla görüşünü təşkil etməkdir.

Bu arada "Fars" agentliyi məlumat yayıb ki, Abe Tehrana ABŞ və İran arasında vasitəçi missiyasını həyata keçirmək üçün gəlməyib.