BAKI, 13 iyun — Sputnik. ABŞ-ın coğrafi adlar üzrə şurası Ukraynanın paytaxtı Kiyevin adının yazılış qaydasında dəyişiklik etmək qərarına gəlib.
Sputnik Azərbaycan Ukraynanın ABŞ-dakı səfirliyinin Facebook səhifəsinə istinadla xəbər verir ki, bu haqda müvafiq müraciət səfir Valeri Çalıy tərəfindən şuraya təqdim edilib.
Şura yekdil olaraq beynəlxalq bazada Ukrayna paytaxtının adının “Kyiv” kimi göstərilməsi qərarına gəlib. Bundan əvvəl ingiliscə şəhərin adı “Kiev” olaraq yazılırdı.
Səfirlik qeyd edib ki, bu qərar bütün dünya üzrə, o cümlədən beynəlxalq uçuşlarda və xarici aeroportlarda şəhərin adının yazılış qaydasının dəyişilməsi üçün vacibdir.
Bazaya edilmiş dəyişikliklər iyunun 17-də qüvvəyə minir.