CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Xəstə “tərəvəz” kimi sayılır" – Baş həkimin müavini ölən uşağın atasına cavab verdi

Ata uşağının ölümündə həkimləri günahlandırır, xəstəxanadan isə “hər şeyi etmişik” deyirlər
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, iyunun 5-də tut ağacından yıxılan 11 yaşlı Sənan Əliyev ötən gün dünyasını dəyişib. Uşağın atası Elman Əliyev Sputnik Azərbaycan-a açıqlamasında oğlunun ölümündə 3 saylı Şəhər Klinik Xəstəxanasında çalışan İmdad həkimin təqsirli olduğunu bildirib. Xəstəxananı dəlixana adlandıran ata iddia edir ki, orada cəmi bir süni nəfəs aparatı olub və gecə yarı həmin aparat övladından ayrıldığı üçün onun halı birdən-birə pisləşib.

Tut arzusu ürəyində qaldı: 59 yaşlı kişi ağacdan yıxılıb öldü

Bundan başqa, ata iddia edir ki, övladı xəstəxanaya gətirildiyi gündə onlara belə bir vəd verilib ki, növbəti gün oğlu palataya köçürüləcək. Ata bildirir ki, bu vəd oğlunun vəziyyətinin normal olmasından xəbər verir.

Bütün bu iddialara cavab olaraq adıçəkilən həkim və xəstəxananın baş həkimi Fikrət Zeynalovla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz olub. Xəstəxana haqda səsləndirilən bu iddialara cavab olaraq baş həkimin müavini Cahangir Həsənovla danışa bildik. C.Həsənov Sputnik Azərbaycan-a açıqlamasında iddiaları rədd edib: "Bu xəstəni mən də görmüşəm. Onda öncədən də dekortikasiya əlamətləri vardı. Yəni xəstənin baş-beyin nahiyəsi tamamilə zədələndiyi üçün o dünyasını dəyişib".

"Bu uşaqda həyatla uyğunlaşmayan bir vəziyyət yaranmışdı. Baş-beyin ölübsə, insanda bu yoxdursa, o necə yaşaya bilər? Həmin xəstə reqitativ sinir sisteminə görə yaşayırdı, oksigen verirdi, amma bu yaşayış deyildi. Bu zaman xəstə sadəcə olaraq “meyvə-tərəvəz” kimi sayılır. Sinir sistemi işləməyən bir xəstənin axırı necə ola bilərdi? Biz nə lazım idi, onu da edirdik. Mən sizə həkim kimi deyirəm ki, onu ən müasir klinikaya aparmış olsaydılar belə, yenə də nəticə belə olacaqdı", – deyə həkim əlavə edib.

C.Həsənov digər iddialara da cavab verib: "Burada bir süni nəfəs aparatının olması ilə bağlı yayılan məlumatlar yanlışdır. Xəstəxanamızda 7 süni nəfəs aparatı var. Uşağın atası niyə bilmədiyi bir şeyi deyir? Məgər o xəstəxananın təsərrüfat işçisidir ki, bilsin harada nə yerləşir? Onların bizim şəraitimizdən xoşları gəlmirdisə, o zaman istənilən özəl xəstəxanaya apara bilərdilər. Bizim imkanımız nəyə çatırsa, hamısını edirik. Yazıq həkimlərimiz səhər-axşam xəstələrlə məşğul olurlar".

Xatırladaq ki, məsələ ilə bağlı ötən gün Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölüm işi ilə əlaqədar istintaq başlanılıb. Əgər ölüm hadisəsində həkim səhlənkarlığı təsdiqini taparsa, buna hüquqi müstəvidə qiymət veriləcək.