SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri görüşdü

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb
Sputnik

BAKI, 12 iyun — Sputnik. İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Levan İzoriya arasında üçtərəfli formatda görüş başlayıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, görüşdən əvvəl Müdafiə nazirləri Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, eləcə də Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək önlərinə gül dəstələri qoyub, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsi və üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Üçtərəfli görüşdən öncə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab Levan  İzoriya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Gürcüstan nümayəndə heyəti ilə keçirilən danışıqların nəticəsinə uyğun olaraq, Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.