HADİSƏ

Hadisə yerindən qaçan sürücü tutulub

Avtomobili maneəyə çırpdı, ölən sərnişini qoyub qaçdı
Sputnik

BAKI, 12 iyun — Sputnik. İyunun 11-də Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində "Mitsubishi Pajero" markalı, 99-FO-808 dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarlarında quraşdırılmış maneəyə çırpılması nəticəsində sərnişin Cəlalə Qurbanova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.

DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq

Qeyd edilib ki, fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1990-cı il təvəllüdlü İsmayıl Ələkbərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Ələkbərov iyunun 11-də Cinayət Məcəlləsinin 263.2 və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.