Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 12 iyun — Sputnik. Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə yaxın əməkdaşlıq çərçivəsində "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı" və "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransı keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə ATƏT PA-nın Prezidenti Georgi Tsereteli və Vitse-prezidenti Azay Quliyev, Milli Məclis Sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının Vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin Vitse-spikeri Süreyya Sadi Bilgiç, Almaniya, Türkiyə və Azərbaycandan olan deputatlar, səfirlər və media nümayəndələri iştirak edirlər.
Tədbirin keçirilməsində əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin 3 ölkənin parlamentarilərindən ibarət Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasını yaratmaqdır.
Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması çərçivəsində Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransının hər il iyun ayında Bakıda keçirilməsi planlaşdırılır.