AVRO-2020 turnirinin talismanı Skillzi fristayl futbolu çox sevir. UEFA ekranlaşdırdığı cizgi filmində onun Avropa çempionatının talismanına necə çevrilməsi haqqında danışıb.
Sözügedən cizgi filmi 2020-ci ildə 60 yaşı tamam olacaq Avropa çempionatından düz bir il əvvəl ekranlara çıxıb. Onun hədəf auditoriyası uşaqlardır. Cizgi filmində dostları ilə avtomobil dayanacağında futbol oynayan uşağın təsadüf nəticəsində kastinqə düşməsi və nəticədə orada qalib gəlməsi təsvir olunur.
Kastinq zamanı Skillzi-nin topla nümayiş etdirdiyi texnika və tryuklardan heyran qalmış jüri üzvləri onu turnirin talismanı seçmək qərarına gəlirlər. Bundan sonra uşaq AVRO-2020-nin 12 şəhərinə - Bakıdan Buxarestə, Bilbaodan Budapeştə doğru turneyə çıxır.
Cizgi filmi həmçinin “İndi sənin növbəndir” kampaniyasından bəhs edir. Bu kampaniya avropalı fristayl futbolçuları özlərini göstərməyə və AVRO-2020 talisman komandasının bir hissəsi olmağa çağırır.
12 şəhərdən hər birinin talisman komandasının öz fristayl futbolçusu olacaq. Beləliklə, Avropanın hər yerindən gələn azarkeşlər öz ölkələrinin siması olmaq və nəhəng futbol festivalında iştirak etmək üçün unikal bir fürsət əldə edirlər.
İyulun 1-dək hər kəs “İndi sənin növbəndir” kampaniyasında iştirak edə və öz tryuklarının videogörüntülərini yükləyə bilər. Qaliblər fristayl üzrə dördqat dünya rekordçusu Liv Kuk (İngiltərə) və fristayl üzrə keçmiş Avropa çempionu Tobias Beks (Norveç) tərəfindən müəyyən ediləcəklər. Laureatlar AVRO-2020-də fristayl futbolçuların komandasına qoşulacaqlar.
“İndi sənin növbəndir” kampaniyasında yaşı 18-dən yuxarı olan və AVRO-2020 ölkələrində - Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Niderland, Rusiya, Rumıniya və Şotlandiyada yaşayan hər kəs iştirak edə bilər.