RUSİYA

Rusiya dördgünlük iş həftəsinə keçə bilər

Həftədə az işləmək məhsuldarlığı artırır, stresi azaldır
Sputnik

BAKI, 11 iyun — Sputnik. Rusiyanın Baş Naziri Dmitri Medvedev iş həftəsinin gələcəkdə dördgünlük ola biləcəyini bildirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, o, bunu Beynəlxalq Əmək Konfransında çıxışı zamanı deyib.

"Texnoloji proses yalnız iş yerlərinin yox, həmçinin iş saatlarının ixtisarına və asudə vaxtın artmasına gətirib çıxarır. Çox güman ki, gələcəkdə dördgünlük iş həftəsi sosial-əmək müqaviləsinin əsasını təşkil edəcək", - deyə Medvedev bildirib.

Baş Nazir xatırladıb ki, bir əsr əvvəl Henri Ford iş həftəsini 48 saatdan 40 saata qədər ixtisar edərək əmək məhsuldarlığında heyranedici artıma nail olmuşdu.

Vladimir Putin və Dmitri Medvedev Ermənistana səfər edəcək

Medvedev daha yeni bir nümunəni misal gətirib: Yeni Zelandiyada bir şirkət üç ödənişli istirahət günü olmaqla dördgünlük iş həftəsini tətbiq edib.

Onun sözlərinə görə, nəticədə bir saat iş vaxtı üçün məhsuldarlığın artımı təxminən 20 faiz təşkil edib və işçilərin stres səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

"Təbii ki, bütün bunlara dair hələ ciddi diskussiyalar aparılmalıdır – bunlar çox qəliz, axıra qədər tədqiq edilməmiş ideyalardır", - deyə Medvedev bildirib.

Məsələyə aydınlıq gətirən Baş Nazirin müavini Tatyana Qolikova konfransın kuluarlarında jurnalistlərə deyib ki, dördgünlük iş həftəsinə keçid əmək qanunvericiliyi də daxil olmaqla ciddi dəyişiklər tələb edəcək.