Rus polkovnik Naxçıvandakı təlimlərin təhdid olub-olmaması məsələsinə aydınlıq gətirdi

Rus polkovnikdən etiraf: Naxçıvandakı təlimləri Ermənistanla Rusiya diqqətlə izləyir
Sputnik

BAKI, 11 iyun — Sputnik. Rusiya Naxçıvanda keçirilən Türkiyə - Azərbaycan hərbi təlimlərini diqqətlə izləyir. Sputnik Ermənistan xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Andrey Qrişuk bildirib.

"Hazırda heç bir təhdid (təlimlər – red.) yaratmırlar. Bu planlı təlimlərdir, onlar əvvəlcədən elan olunan məqsəd və hədəflərə uyğun həyata keçirilir", - deyə Qrişuk bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi bu təlimləri müşahidə edir: "Ermənistanda dislokasiya olan 102-ci hərbi baza da təlimləri izləyir".

Tramp Ərdoğanı vurdu, türk pilotlar "F-35" təlimlərindən uzaqlaşdırıldı

Qeyd edək ki, 7-11 iyun tarixlərində Naxçıvanda "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi keçirilir.

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.