CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb problemlərinin kökü - Qışqıraraq uşaq psixologiyasına təsir etmək cəhdi

Bir çox hallarda isə müsabiqə və müsahibə yolu ilə işə yeni qəbul olmuş müəllimlər şagird psixologiyasına bələd olmadığından onlarla düzgün davrana, ünsiyyət qura bilmirlər
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Son zamanlar məktəblərdə müəllimlərin şagirdlərə qarşı davranışları ilə bağlı hadisələr tez-tez kütləvi informasiya vasitələrində yer alır. Bu hadisələr təbii ki, Təhsil Nazirliyinin də nəzərindən yayınmır.

Belə ki, bu günlərdə Təhsil Nazirinin müavini Firudin Qurbanov bildirib ki, cəmiyyəti narahat edən müəllimlərin psixoloji durumunda problemin olması ilə bağlıdır və nazirlik buna həssaslıqla yanaşır. Bəs psixoloji problemi olan müəllimlər təhsil müəssisələrində necə çalışa bilir?

Şagirdi intihar edən məktəbin direktoru barəsində hökm verildi

Sputnik Azərbaycan bu suala cavab axtarmağa çalışıb.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda 4472 orta məktəbdə çalışan 151 min müəllimin əksəriyyətində şagirdlərə yanaşmada fərq hiss olunur. Bu, əsasən dərsdən sonra hazırlığa qalan və qalmayan şagirdlərlə davranışda özünü göstərir: "Çünki müəllimlər hazırlığa qalmayan uşağa qarşı normal davranış sərgiləmirlər. Bu halda şagirdin özgüvəni aşağı düşür, özünü yoldaşlarından aşağı hiss edir. Bu, birbaşa onun davranışının dəyişməsi, özünə qapanması, ünsiyyət probleminə gətirib çıxarır".

K. Əsədov qeyd edir ki, bir çox hallarda isə müsabiqə və müsahibə yolu ilə işə yeni qəbul olmuş müəllimlər şagird psixologiyasına bələd olmadığından onlarla düzgün davrana, ünsiyyət qura bilmirlər. Onlar işə qəbul prosesində ancaq ixtisasları üzrə hazırlışdıqlarından şagird psixologiyasından az məlumatlı olurlar. Bu həm də müəllimlərin işə qəbulu prosesində müsahibə mərhələsində olanların peşəkarlığının aşağı olması ilə də bağlıdır.

"Belə ki, onlar arasında məktəbşunaslığı bilənlərin yetərincə olmaması, müsahibədə psixoloqun təmsil olunmaması, işə qəbul prosesində iddiaçının psixoloji durumunu yoxlayan sualların olmaması işə qəbul olunan müdavimlərin bu bacarığının formalaşmasına maneə olur. Vacib bir məqamı da qeyd edim ki, bütün uşaqları bərabər səviyyədə görüb, onlardan eyni şeyi tələb etmək müəllimlərin əsas yanlışıdır. Məhz belə olan halda təhsil verən ilə təhsil alan arasında aqressiv münasibət formalaşır" - deyə ekspert vurğulayıb.

Millət vəkili: "Bəzi direktorlarin işi-gücü müəllim və şagirdlərdən pul yığmaqdır"

Əsədov hesab edir ki, hər uşaq eyni potensiala sahib deyil. Bəzən şagirdlərə qarşı artıq tələblər olur. Bu, birbaşa aşağı potensiallı şagirdlərin özgüvəninə təsir edir: "Evdə basqı ilə üzləşsə də, bu, məktəbdə özünü daha çox göstərir. Özəl və dövlət məktəbləri arasındakı əsas fərq də elə budur. Özəl təhsil müəssisələrində hər uşağa fərdi diqqət yetirilir. Buna məktəb psixoloqu nəzarət edir. Bu, şagirdin az olması və xarici təhsil sisteminin tətbiq edilməsi ilə əlaqədar ola bilər. Bir çox hallarda müəllimlərin bilik və bacarıqlarının yetərli qədər olmaması da onların dərs prosesində kobud, aqressiv olmasına səbəb olur".

K.Əsədov əlavə edib ki, hazırda dərs proqramının ağır olduğunu nəzərə alsaq, avtoritar sistemin yararsız olduğunu görərik. Çünki xarici ölkələrin üslubu ilə getsək də, davranışımızı ona uyğunlaşdıra bilməmişik. Dərs prosesində Avropanı təkrarlasaq da, davranışda bunu edə bilmirik: "Tədrisdə demokratik üslub olmalı, şagirdin fikri nəzərə alınmalıdır. Qışqıraraq uşağın psixologiyasına təsir etmək olmaz".

Ekspertin sözlərinə görə, hər şagirdə yanaşma fərqli olmalıdır. Mütəmadi olaraq müəllimlərin bilik və bacarıqlarının, onların psixoloji vəziyyətinin yoxlanılması üçün imtahanlar keçirilərsə, müəllimlərin kompetensiyaları artar və xoşagəlməz hallar aradan qalxar.