Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 10 iyun – Sputnik. Müstəqillik əldə etdikdən sonra Qazaxıstanda 6-cı prezident seçkiləri keçirildi. Növbədənkənar prezident seçkilərinin keçirilməsinə səbəb təxminən 30 il bu ölkəyə rəhbərlik etmiş Nursultan Nazarbayevin martın 20-i gözlənilmədən öz səlahiyyətlərindən imtina etməsi oldu. Nəticədə, ölkə prezidenti səlahiyyətləri Kasım-Comart Tokayevə keçdi. O isə hakimiyyət gəlməsindən üç həftə sonra ölkədə növbədənkənar prezident seçkiləri təyin etdi.
Ümumilikdə Qazaxıstanda keçirilən seçkilərdə yeddi namizəd iştirak edirdi. Prezident 5 il müddətinə seçilir. Seçki də qalib olmaq üçün namizədlərdən hər hansı biri seçicilərin 50%-dən çoxunun səsini toplamalı idi. Əks halda ikinci tur keçiriləcəkdi.
Bu seçkiləri digər seçkilərdən fərqləndirən ən əsas fərqi prezident postuna namizəd olmaq istəyən şəxslərin öz namizədliyini irəli sürə bilməsi idi. Belə ki, 2017-ci ildə Qazaxıstan Konstitusiyası və Seçki Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən prezident postuna namizədləri irəli sürmək hüququna mövcud qaydaya uyğun olaraq qeydiyyatdan keçən Respublika İctimai Birliklərinə malikdir.
Qazaxıstanda növbədənkənar prezident seçkilərində sürpriz heç nə olmadı. Belə ki, sabiq prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasının irəli sürdüyü Kasım-Comart Tokayev böyük səs çoxluğu ilə seçkilərdə qalib gəldi. Qazaxıstan MSK-nın məlumatına görə, Tokayev seçicilərinin 70,76%-nin səsini toplayıb. Müqayisə üçün deyək ki, onun ən yaxın rəqibi Əmircan Kosanov liderdən 54,74% az səs toplayıb. Artıq beynəlxalq təşkilatlar, xarici ölkə prezidentləri də qələbə münasibətilə Tokayevi təbrik etməyə başlayıblar.
Nəticədən asılı olmayaraq Qazaxıstan artıq bu gündən öz tarixində yeni bir mərhələyə qədəm qoyub. Düzdür, Nazarbayevin gedişindən sonra bu ölkənin həm daxili, həm də xarici siyasətində ciddi dəyişikliyin olacağı gözlənilməsə də, ölkə həyatında böyük bir dövrün bitdiyi də heç kəsdə şübhə doğurmur.
Sputnik Azərbaycan Qazaxıstanda növbədənkənar prezident seçkilərinin nəticələri, həmçinin bundan sonra Qazaxıstan – Azərbaycan münasibətlərinin necə dəyişəcəyi barədə Milli Məclisin deputatları, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzləri Aydın Mirzəzadə və Nizami Cəfərovla həmsöhbət olub.
Azərbaycanın hakim partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Qazaxıstanda seçki ərəfəsi vəziyyət və seçki günü yaşananlar seçkinin demokratik, ölkənin milli qanunvericiliyinə uyğun olaraq keçirildiyini göstərir: "Kasım-Comart Tokayevin seçkilərin ilkin nəticələrinə görə 70%-dən çox səs toplaması Qazaxıstanın yeni prezidentlik müddətinə çox inamla, əhalinin böyük əksəriyyətinin səs verdiyi proqramla daxil olduğunun göstəricisidir. Kasım-Comart Tokayev həm Qazaxıstanda, həm də ondan kənarda kifayət qədər tanınan bir simadır. Onun aparacığı siyasəti xəttin sabiq prezidenti Nursultan Nazarbayevin apardığı uğurlu daxili və xarici siyasətin davamı olacağını gözləmək olar. Qazaxıstan seçiciləri birmənalı şəkildə Nazarbayev xəttinin davam etdirilməsinə səs verdilər. Tokayevin simasında Qazaxıstanın inkişafını, ölkədə olan sabitliyin qorunub saxlanılmasını, ölkənin uğurlarının artmasına səbəb olub".
Aydın Mirzəzadə qeyd edib ki, istənilən seçki prosesində seçkinin nəticələri ilə razılaşmayan insanlar və insanlar qrupu olur: "Demokratik ölkə olan Qazaxıstanda da fərqli siyasi baxışlar, çağırışların açıq şəkildə səsləndirməsi mümkündür. Seçki günü bir neçə nəfərin saxlanılması qayda qanunun pozulmasına cavab olaraq həyata keçirilib".
Qazaxıstanın yeni prezidentinin Azərbaycana münasibətindən danışan millət vəkili vurğulayıb ki, Kasım-Comart Tokayev Azərbaycanla bağlı daima iki ölkə arasında münasibətlərin genişlənməsinə, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinin müdafiə edilməsinin tərəfdarı olub: "Onun xarici siyasətdə böyük təcrübəsi var. Dünyanın böyük dövlətlərindən biri olan Qazaxıstanda Tokayevin prezidentlik dövründə regionda sülhün bərqərar olmasına töhfə verəcəyini gözləmək olar. Azərbaycan cəmiyyəti Qazaxıstanın yeni prezidentinə uğurlar arzulayır. Onun siyasətinin Qazaxıstanın inkişafı və tərəqqisinə gətirib çıxaracağına inanır. Düşünürəm ki, Azərbaycan – Qazaxıstan münasibətləri bundan sonra da artan xətlə inkişaf edəcək".
Seçkilərə Türkdilli ölkələrin Parlament Assambleyasının müşahidəçi missiyasının üzvü kimi qatılan Nizami Cəfərov da öz növbəsində Qazaxıstanda seçkilər son dərəcə demokratik keçdiyini qeyd edib: "Biz seçkilərin keçirilməsinə məsul olan dövlət, hökumət orqanlarının rəhbərləri ilə görüşlər keçirdik. Türkdilli ölkələr Parlament Assambleyasının seçkini müşayiət edən missiyanın üzvü kimi qeyd edə bilərəm ki, seçkilər şəffaf təşkil olunmuşdu, seçici fəallığı olduqca yüksək idi: "Biz Nur-Sultan şəhərində 10-dan çox seçki məntəqəsində seçkiləri müşahidə etdik, səslərin sayılması prosesini izlədik. Deyə bilərəm ki, seçkilər demokratik, mövcud ənənəyə uyğun şəkildə keçirildi".
Nizami Cəfərov hesab edir ki, Kasım-Comart Tokayevin dövründə ölkənin dünyaya inteqrasiyası daha da güclənəcək.