CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə Dəyanət Liseyi qalmaqala aydınlıq gətirdi

Liseydən bildiriblər ki, valideynlər builki sınaqlardan əldə edilmiş siyahını ötən ilin qəbul siyahısı ilə tutuşduraraq yanlış qənaətə gəliblər
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Azərbaycanda xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən liseylərinə böyük maraq var. Bu maraq xüsusən də Türkiyənin Azərbaycandakı liseylərində özünü büruzə verir. Belə liseylərdən biri də Türkiyə Dəyanət Liseyidir. Son günlər mediada bu liseylə bağlı arzuolunmaz məlumatlar dərc edilir.

Belə ki, həmin liseyə yalnız 5-ci sinfi bitirən şagirdlərin qəbulu həyata keçirildiyi halda, bəzi valideynlər ora 6-cı sinfi bitirən şagirdlərin də qəbul olunduğunu iddia edirlər. Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirmək üçün liseyin müdir müavini Rəşad İbrahimovla əlaqə saxlayıb. İbrahimov yayılan məlumatların əsassız olduğunu bildirib:

AMEA evi ola-ola mənzil istəyənlərin siyahısını hazırladı - Qalmaqal

"Bütün bu şayiələr valideynlərin həssalığından meydana gəlib. Lakin onların iddialarının əsası yoxdur. Türkiyə Dəyanət Liseyi hər zaman qanun çərçivəsində fəaliyyət göstərib. Liseyə yalnız 5-ci sinifdə oxuyan şagirdlərin arayışları təqdim olunur. Bundan sonra isə şagirdlər imtahana buraxılır. Hər hansı bir arayışda şagirdin 6-cı sinifdə oxuduğunu qeyd etmək mümkün deyil. Çünki biz qəbulu yalnız 5-ci siniflər üçün həyata keçiririk."

Müdir müavininin sözlərinə görə, valideynlər builki sınaqlardan əldə edilmiş siyahını ötən ilin qəbul siyahısı ilə tutuşduraraq belə qənaətə gəliblər. Onların iddiaları da bundan qaynaqlanır. Halbuki istənilən şagird hansısa sınaq imtahanında iştirak edə bilər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Liseyin müdir müavini onu da əlavə edib ki, qəbul imtahanı ilə əlaqədar olaraq liseyə sənəd qəbulu hələ davam edir. "Siyahı bizim əlimizdədir və onu ictimailəşdirməmişik", - deyə İbrahimov bildirib.