Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva
BAKI, 9 iyun — Sputnik. Latviyanın Tibbi Preparatlar Dövlət Agentliyi (SAM) xərçəng xəstələrinin müalicəsində istifadə olunan "Rigvir" adlı preparatın istifadəsini dayandırıb. SAM preparatın tərkibində bir neçə qüsur aşkarlayandan sonra bu qərarı verib. Qüsurların səbəbi hələ də aydınlaşdırılmayıb.
Buna baxmayaraq, həmin dərmanın istifadəsi üçün qeydiyyatda olan 38 xəstə, habelə 5 xəstəxana və 16 onkoloq preparatın istifadəsinin davamı üçün rəsmi müraciət ediblər. Səhiyyə müfəttişliyi müraciətləri nəzərə alaraq, dərmandan həkim nəzarəti altında məhdud qaydada istifadəyə icazə verib. Lakin yeni xəstələrə bu dərman təyin olunmayacaq.
Latviyada istehsal edilən "Rigvir" preparatı dəri xərçənginin müalicəsində istifadə olunur və tam dövlət nəzarətindədir. Məlumatlara görə, preparat həmçinin Özbəkistan, Gürcüstan və Ermənistanda da qeydiyyatdan keçib. Dərmanın tətbiqinin dayandırılması ciddi narazılıqlara səbəb olub.
Sputnik Azərbaycan sözügedən dərman preparatının Azərbaycana idxal olunub-olunmadığını araşdırıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova sorğumuza cavab olaraq bildirib ki, "Rigvir" adlı preparatının qeydiyyatı üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə hələ 6 il bundan əvvəl müraciət edilib: "Dövlət Reyestri bazasına əsasən sözügedən dərman vasitəsinin qeydiyyatı üçün 2013-cü ildə müraciət olunub. Lakin mənfi rəy aldığı üçün qeydiyyatına imtina edilib. Hal-hazırda da "Rigvir" adlı preparatı Dərman vasitələrinin dövlət Reyestrində qeydiyyatda yoxdur".
Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabinetinin "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası"na əsasən onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslər üçün dərman siyahısı tərtib olunub. Keçən il onkoloji xəstəliklərin müalicəsinə 40 milyon, bu il isə 44 milyon manatdan çox vəsait ayrılıb.