RUSİYA

Ramazan Bayramı Rusiya müsəlmanlarının əsas problemini ortaya çıxarıb

Ramazan Bayramında hətta ölkənin ən böyük məscidlərindən olan Moskva Cümə Məscidi ibadət etmək istəyənlərin hamısını eyni anda qəbul edə bilməz
Sputnik

BAKI, 9 iyun — Sputnik. Rusiya müsəlmanları dünyanın digər ölkələrində yaşayan həmdinləri kimi, İslamın əsas bayramlardan biri olan Ramazan Bayramını qeyd ediblər. Yüz minlərlə dindar bayram namazını qılmaq üçün ölkədəki məscidlərə yığışıb, lakin orada heç də hamıya yer çatmayıb. Bayram namazının necə keçdiyi və ortaya çıxan problemlər haqqında RİA Novosti bayram münasibətilə hazırladığı materialda yazıb. 

Ramazan Bayramında hətta ölkənin ən böyük məscidlərindən olan Moskva Cümə Məscidi ibadət etmək istəyənlərin hamısını eyni anda qəbul edə bilməz. Ona görə də, bayram namazı vaxtı məscidin içində olmaq üçün insanlar bura gecədən gəliblər.

“Moskva vilayətindənəm, bura təxminən saat 12 radələrində gəlmişəm. Küçədə gözlədim və içəri ilk daxil olanlardan biri idim. Əlbəttə ki, çətindir. Axı namaz səhər yeddidən başlayır” -  namaz üçün məscidə gəlmiş Rais Axmedov deyə bildirib. 

Onun kimi on min nəfər var. Moskva Cümə Məscidinə də elə bu sayda insan sığır. 

Ramazan Bayramı Rusiya müsəlmanlarının əsas problemini ortaya çıxarıb

Sayıq könüllülər

Bayram zamanı hüquq mühafizə əməkdaşlarına təxminən 50 nəfər könüllü kömək edib. Onlar dindarların axınını yönəldib, insanların namaz vaxtı bir-birinə mane olmadan yerləşməsinə nəzarət edib. Əlbəttə ki, onlar həm də qayda-qanuna nəzarət ediblər.

“Məscidin ərazisində müfti tərəfindən toplanan sədəqə üçün kiçik yeşiklər qoyulub. Onların birinin yanında yaşlı bir kişi durmuşdu və pullarını qutuya atanlara baxırdı. Birdən kişi yeşiyi qapıb qaçmağa başladı. Allaha şükür onu tutduq”, - könüllülərdən biri deyib.         

Moskvada olduğu kimi, Murmanskda da müsəlmanlar səhər tezdən məscidlərə gəliblər. Bayram günündə minlərlə adam dua etmək üçün məscidlərə yığışıb və burada da onların heç də hamısı məscidlərə sığışmayıb.

Murmanskın müftisi deyib: “Bu gün dörd mindən çox insan namaza qatılıb. 600-dən çox müsəlman namazlarını məsciddə qıldı, qalanları isə məscidin ərazisində dua etdilər. Şəhərin ölçülərinə görə bu böyük rəqəmdir. Bu il isə hətta daha çox insan olub.”

“İnsanlar əlbəttə ki, məscidin içərisində namaz qılmalıdırlar, küçədə yox” – deyə Moskva sakini İsmayıl Askerov RİA Novosti-nin müxbirinə bildirib. O, səhər beşin yarısında namaza gəlib və möcüzəvi şəkildə məscidin ərazisinə daxil ola bilib.

“Yaxşı olardı ki, daha bir neçə məscid tikilsin. Bu hər kəs üçün yaxşı olardı”- deyə Askerov əlavə edib.

Ramazan Bayramı Rusiya müsəlmanlarının əsas problemini ortaya çıxarıb

Bütün ölkələrdə yerlər kifayət etmir

Rusiya Müftilər Şurası qeyd edir ki, bu problem ölkənin bir çox bölgələrində mövcuddur.

Lakin Moskva şəhəri milli siyasət və regionlararası əlaqələr şöbəsinin müdir müavini Konstantin Blajenov deyir ki, on minlərlə adamın küçələrdə dua etməsinə baxmayaraq, bu, heç bir problem yaratmayıb.

Onun sözlərinə görə, Ramazan Bayramı və Qurban Bayramı vaxtı dünyanın bütün ölkələrində məscidlərdə yerlər kifayət etmir.

“Yeni məscidlərə gəldikdə isə, Moskva sürətlə böyüyən şəhərdir, hər şey axır, hər şey dəyişir” – deyə Blajenov bildirib.