İQTİSADİYYAT

BVF-nin icraçı direktoru: Dünya iqtisadiyyatı təhlükə qarşısındadır

Kristin Laqard: 2020-ci ildə dünya təkcə ABŞ-Çin qarşıdurmasından 455 milyard dollar itirəcək
Sputnik

BAKI, 9 iyun - Sputnik. Ticarət müharibəsi dünya iqtisadiyyatının inkişafına əsas təhlükədir. Bu, eyni zamanda bir sıra digər risklər - çox aşağı faiz dərəcələri və inkişaf etmiş iqtisadiyyatların borc səviyyəsinin artması deməkdir. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard Yaponiyanın Fukuoka şəhərində keçirilən G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri ilə görüşdə bəyan edib.

Onun sözlərinə görə, təkcə ABŞ-la Çinin qarşıdurması 2020-ci ildə dünya ÜDM-in 0,5 faizini ala bilər. Mütləq rəqəmlə ifadə edilsə, bu, 455 milyard dollar deməkdir. Laqardın fikrincə, qlobal iqtisadiyyatdakı riskləri azaltmaq üçün ilk növbədə ticarətdəki mövcud gərginliyi aradan qaldırmaq lazımdır. O, tətbiq edilən rüsumların ləğvini və yenilərinin tətbiq edilməməsini, eləcə də beynəlxalq ticarət sisteminin modernləşdirilməsini nəzərdə tutduğunu deyib.

BVF-nin icraçı direktoru qlobal iqtisadiyyatdakı qeyri-sabitliyin aradan qaldırılması üçün dövlətlərin birgə işləməsini vacib hesab edir. G-20 ölkələri hökumətlərinin maliyyə nümayəndələrinin görüşü 8-9 iyun tarixlərində Fukuokada keçirilib.