CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda böyük iməcilik keçirilib

Təmizlik və abadlıq işləri hər həftənin şənbə günləri davam etdiriləcək
Sputnik

BAKI, 8 iyun — Sputnik. Bakıda böyük iməcilik keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün Bakı şəhərinin bütün rayonlarında iməcilik keçirilir.

Ölkə rəhbərliyinin yaşıllıqların mühafizəsi və Bakı şəhərinin görkəminin qorunması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq şəhərimizdə ərazilərin təmizlik-abadlığı ilə bağlı iməciliklər keçirilib.

Nrəimanov Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu iməciliklərdən biri də Nərimanov rayonunda təşkil olunub. Rayon ərazisində bütün mərkəzi prospektlər, küçələrdə təmizlik-abadlıq işləri aparılıb.

Belə ki, rayonun Heydər Əliyev prospekti, Atatürk prospekti, Həsənoğlu, A.Neymətulla küçələrində, F.X.Xoyski prospektində, Azadlıq prospekti, Xətai prospekti, Təbriz küçəsi və digər mərkəzi küçələrdə fəaliyyət göstərən obyektlərin vitrin şüşələri təmizlənib, küçələrdə qurumuş ağaclar budanmış, mövsümi gül kolları dəyişdirilib, səkilər və ağaclar su ilə yuyulub və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilib.

Ərazidə olan yaşıllıqlara daimi qulluq göstərilməsi məsələləri Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Aksiya çərçivəsində küçələrdə olan qanunsuz küçə ticarəti təmizlənib, metroların giriş-çıxışları yuyularaq təmizlənib.

Bu işlər hər həftənin şənbə günləri davam etdiriləcək.

Ümumilikdə rayon ərazisində keçirilən iməcilikdə 2,5 mindən çox rayon təsərrüfatı xidməti işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələri iştirak edib.