Gərginlik pik nöqtəsinə çatdı: ABŞ Rusiyaya görə Türkiyəni vurdu

Pentaqon rəhbəri türkiyəli həmkarına gözlənilməz məktub yazıb
Sputnik

BAKI, 8 iyun — Sputnik. Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit raket kompleksləri ilə bağlı gərginlik öz pik nöqtəsinə çatıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, məsələ o yerə çatıb ki, Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib.

ABŞ və Rusiya hərbi gəmilərinin təhlükəli yaxınlaşmasının görüntüləri yayıldı

Bununla da, ABŞ Türkiyənin "F-35" qırıcıları ilə proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.

Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.

Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaraya Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin alındığı halda "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edib.

O, əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

Qeyd edək ki, mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.