BAKI, 8 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-da Çinə məxsus "Huawei" şirkəti ətrafında baş verənləri onu qlobal bazardan həyasızcasına çıxarmaq cəhdi kimi dəyərləndirib. Sputnik Azərbaycan Rusiyanın "NTV" telekanlına istinadən xəbər verir ki, bunu Rusiya lideri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
"Huawei" ətrafında baş verənləri artıq bəzi dairələrdə hətta qarşıdan gələn rəqəmsal dövrün ilk texnoloji müharibəsi adlandırılır", - deyə Putin qeyd edib.
Rusiya prezidenti qeyd edib ki, coşqun rəqəmsal transformasiya və texnologiyalar hazır olanlar və dəyişiklərlə açıq olanlar üçün üfüqləri genişləndirməli idi: "Lakin çox təəssüflər olsun ki, burada da baryerlər yaradılır: Yüksək texnoloji aktivlərin alınmasına birbaşa qadağalar tətbiq olunur. Məsələ hətta o yerə çatıb ki, təhsildə bu və ya digər ixtisaslar üzrə xarici tələblərin qəbulu məhdudlaşır. Düzünü desək bu hətta adamın beyninə girmir".