BAKI, 7 iyun — Sputnik. Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan jurnalistlərlə söhbət zamanı Ermənistan və Qarabağ separatçılarının rəhbərliyinin bir-birinə zidd bəyanatlarını şərh etməkdən imtina edib. Bu barədə "Azadlıq Radiosu"nun Ermənistan bürosu məlumat yayıb.
Nəşr yazır ki, Ermənistan Baş Naziri Nikol Paşinyan iddia edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sənədləri şəxsən Dağlıq Qarabağ separatçılarının rəhbərliyinə təqdim edib. Paşinyan qeyd edib ki, ona qədər qondarma rəhbərlik danışıqların gedişi barədə məlumatsız olublar.
Bu arada separatçıların lideri Bako Saakyan Paşinyanı təkzib edərək qeyd edib ki, həm indi, həm də əvvəl də Azərbaycanla danışıqlara qədər və danışıqlardan sonra Ermənistan rəhbərliyi Qarabağ separatçılarını müzakirə olunan məsələlər barədə məlumatlandırıb.
Mnatsakanyan isə öz növbəsində səsləndirilən bəyanatları yenidən öyrənməyə ehtiyacın olduğunu əsas gətirərək onları şərh etməkdən imtina edib.
Paşinyan tərəfindən formalaşdırılan "Qarabağ rəhbərliyi tərəfindən sui-qəsd müharibəsinin qızışdırılması təhlükəsi" fikrinə cavab olaraq Mnatsakanyan deyib: "Mən səhv etməməyi məsləhət görərdim. Bizim aramızda müəyyən məsələlər, fikir ayrılıqları, mübahisələr, çox şeylər var – bizim cəmiyyətimiz belədir. Lakin biz birik".
Mnatsakanyan Paşinyan tərəfindən "torpaqların verilməsi"nə dair iddiaları müzakirə etmək istəməyib: "Siz rəhbərliyin Ermənistan, erməni xalqı və "Dağlıq Qarabağ"ın maraqlarına cavab verməyən hər hansı bir hərəkətini necə təsəvvür edirsiniz? Belə bir şey ola bilməz. Digər şeylər, torpaqların satılmasına dair məsələlər ümumiyyətlə müzakirə predmeti deyil".