BAKI, 7 iyun — Sputnik. “Bu il ali məktəblərə qəbul zamanı heç bir minimum bal məhdudiyyəti yoxdur. Abituriyentlər 200 bal toplayıb ixtisas seçimi edə bilərlər”.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov özünün “Facebook”dakı səhifəsində yazıb.
Ekspert bildirib ki, IX illik bazada ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar: ”XI illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir). Hətta ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 60-dan az olmayan (kolleclərə 40 bal) (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Necə olur ki, ali məktəblərə qəbul zamanı minimum bal məhdudiyyəti yoxdur, amma kolleclərə qəbul zamanı var? Ümid edirəm ki, aidiyyəti dövlət orqanları kolleclərə qəbul üçün də minimum bal məhdudiyyətini aradan qaldıracaqlar”.