CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ictimai fəalın müəmmalı ölümü ilə bağlı cinayət işi açıldı

Xeyriyyə aksiyalarının fəal iştirakçısı olan Sevinc Orucova ailəli və iki uşaq anası idi
Sputnik

BAKI, 7 iyun — Sputnik. Bakıda 42 yaşlı Sevinc Orucova intihar edib.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd edilib ki, S.Orucova iyunun 5-də özünü yaşadığı evin hamam otağında asaraq həyatına son qoyub.

Hazırda məhkəmə tibbi ekspertizası təyin edilib, ölümün dəqiq səbəblərinin araşdırılması üçün müvafiq tədbirlər görülür. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı CM-nin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, xeyriyyə aksiyalarının fəal iştirakçısı olan Sevinc Orucova ailəli və iki uşaq anası idi. Sosial şəbəkədə onun dəm qazından boğulduğu yazılmışdı.

Yaxınlarının verdiyi məlumata görə, S. Orucova ürək çatışmazlığından əziyyət çəkirmiş: "Ürək xəstələri intihara meylli olurlar. Tutmalar baş verəndə insan özünü idarə edə bilmir. Bəlkə də həmin anda tutması olub".